Milli Şuranın mitinqi başa çatıb. Təşkilatçıların məlumatına görə, aksiyada 10 min nəfərdən artıq iştirakçı olub.
Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərindən iqtisadçı Vahid Məhərrəmli, hüquq müfdafiəçisi Oqtay Gülalıyev, keçmiş millət vəkili Gültəkin Hacıbəyli, eləcə də siyasi məhbus ailələri adından Qiyas İbrahimin anası Şura Əmiraslanova, gənclər adından AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov və sonda AXCP lideri Əli Kərimli çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə iştirak etməyib, çünki xaricdə səfərdədir.
AXCP sədrinin çıxışı zamanı güc strukturlarının mülki geyimliləri meydanda təxribat törədib. Onlar aksiya iştirakçılarının əlində olan bəzi plakatlara irad bildiriblər. Həmin plakatları aksiya iştirakçılarınınəllərindən alıblar. Əli Kərimli isə aksiya iştirakçılarını təxribata uymamağa səsləyib.
AXCP lideri çıxışında aksiya iştirakçılarını buzqıran gəmi ilə müqayisə edib: “100 milyardı mənimsəmiş, hakimiyyəti qəsb etmiş, 24 ildə bir dəfə də olsun demokratik seçki keçirməyən qüvvə 10 minlərin sözü ilə hakimiyyəti tərk etməyəcək. Biz daha çox olmalıyıq…”.
Əli Kərimli ölkədə təhsilin, səhiyyənin səviyyəsindən danışıb. “Siz bu ölkənin təhsilini məhv etdiniz, səhiyyəsin məhv etdiniz, məhkəməsin məhv etdiniz . Nə istəyirsiniz bu xalqdan?”, deyə o sual edib.
AXCP lideri aksiyada iştiraka maneələr yaradıldığını da vurğulayıb: “Rayonlardan maşınları buraxmayıblar. Bəzi yerlərdə şənbə günü olmasına baxmayaraq, insanları işə çağırıblar. Amma sizi durdura bilməyiblər. Onların gücü əllərindəki dəyənəkdə, bizim gücümüz vətən eşqindədir. Biz bütün maneələri aşıb gəlmişik ki, korrupsioner hökumətdən izahat tələb edək. Soruşaq ki, necə oldu altı-üstü qızıl olan bu məmləkəti, 10 milyonluq xalqı Ermənistana uduzdurdunuz?”.
“Siz bura gəldiniz ki, Fuad Qəhrəmanliya, Seymur Həziyevə, Taleh Bağırova, Abbas Hüseynə və digər siyasi məhbuslara azadlıq tələb edəsiniz” deyən Əli Kərimli həbs edilən müxalifətçiləri siyasi girov adlandırıb.
Video mitinq başa çatandan sonraya aiddir.
Mitinqə AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn aparıcılıq edib. “Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərirməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?”, – deyə o çıxışında bildirib.
Çıxışçılardan tanınmış iqtisadçı Vahid Məhərrəmli hakimiyyətin yarıtmaz sosial-iqtisadi siyasətindən bəhs edib. “Bu il də Azərbaycanda iqtisdi geriləmə olacaq. İndiyə kimi iqtisadiyyatı ikidəfədən çox kiçildiblər. Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik. Sizin yolunuz istefa verməkdir”, – deyə o bildirib.
Hüquq müdafiəçisi Oktay Gulaliyev çıxışında ölkədə söz azadlığına basqılardan, həbsxanalarda siyasi məhbuslara qarşı təzyiq və işgəncələrdən danışıb:
“Müstəqil, tənqidçı saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıqsiyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqqerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir…
Siyasi məhbuslardan keçmiş müstəntiq Rüfət Səfərovu döyüb cərimə kamerasına salmışdılar. Bir sözü ilə gül bayramını qul bayramına çevirən Bayram Məmmədov cərimə kamerasına salınmışdı. Bu hakimiyyət Azərbaycanın ləyaqətli insanlarına qarşı savaş açıb…”.
Aksiyanın keçirildiyi ərazidə internetin sürətində problem yaranıb. KİV-lər canlı yayım verə bilmirlər. Milli Şuranın bundan öncəki, oktyabrın 7-də keçirilən aksiyasında da eyni problem meydana çıxmışdı.
***
Bakıda, İnşaatçılar metrostansiyasının yanındakı Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi növbəti mitinq keçirilir. Mitinq saat 15:00-dan 17:00-a qədər təyin edilib və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Mitinqdə mitinqdə hakimiyyətin korrupsioner və repressiv siyasətinə etiraz bildiriləcək, siyasi məhbuslara azadlıq və başqa tələblər irəli sürüləcək. Aksiyanın əsas şüarı “Talana və yalana son”dur.
Artıq mitinq meydanına insanların axını başlayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, insanların mitinqdə iştirakına mane olmaq üçün hökumət orqanları müxtəlif vasitələrə əl atır. Xüsusən də bölgələrdən insanların gəlişinə mane olmaq üçün yollar bağlanıb. Dövlət idarə və müəssisələrində iməclik, iş günü elan edilib, məktəblərdə valideyn iclasları çağırılıb və s.
Oxunub: 7648