Əzizlərim, indicə bir məqalə oxudum. Dünya alimləri bu suala cavab axtarır. Dünya indiyə qədər necə var ola bilib?
Bu sualın cavabını axtarmağa həsr olunmuş məqaləni oxuyandan istər-istəməz başqa bir sual doğru içimdə…
Bu ölkə necə olub ki, indiyə qədər var olub?!
Tarixdən bu yana sahibsiz buraxdığımız, 5 yerə bölünməsinə göz yumduğumuz, əslində, Tanrı tərəfindən zinətləndirilmiş, amma insanı tərəfindən zəlil olan bu ölkəyə biz nə vaxt sahib çıxacağıq?
Bəhanələrin arxasında saxlanmayaq. Bizim problemimiz bu yaramaz iqtidar deyil. Bizim problemimiz problem olmaqdan da çıxıb daha, daşınması ağırlaşan bir dərdə çevrilib artıq…Və bu dərdi yaradan nə Əliyevlərin qurduğu rejimdir, nə də bu rejimin törtöküntüləri…
Bu dərdi yaradan bizim zehniyyətimiz, düşüncə tərzimizdir…
Məni, səni, onu bu ölkədədə insan kimi yaşamaqdan məhrum edən Prezident Aparatında oturanlar deyil, o məmurlara boyun əyən, onları padşaha, özünü də təbəəyə çevirə bilən sehniyyətin daşıyıcılarıdır.
Mənim “düşmənim”, sevdiyimdi, o yanımda dayanmayan soydaşım… O məmur deyil, çünki o məmur heç vaxt mənə dost olmadı, mən onun üçün ölməyə, əzab çəkməyə hazır deyiləm.
Mən o yanımda durmayan sevdiyim, əziz “düşmənim” üçün ölməyə hazırdım.
Öz haqqını bilməyən, bilib də aşağılıq bir məmura yedirən, talayanlar deyil, o talayanlara boyun əyənlərdir mənim “düşmənim”. Əl öpüb yol kənarında məmur maşınlarına əl yelləyənlərdir. Baş əyib kürsü dilənçilərinə tabe olanlardır.
O yolda boynunu bükən, yol süpürüb əzab çəkən, möhnətli üzü ilə ürək dağlayan, amma susan, bir tikə tapdığı çörəyə şükr edən, oğluna “başını aşağı sal, otur” deyən ana, “el üçün ağalayan göz kor olar” deyən atadır mənim “düşmənim”…
Övladına susmağı, fırıldaqcı, yalançı, yaltaq olmağı rəva görənlərin özlərinə qənim kəsilməsidir.
Əziz “düşmənlərim” , siz mənə, mənim kimi bu ölkədə sizin insan kimi yaşamanız üçün çalışanlara susmanızla nə qədər “düşmən” olsanız da, bunu bilin, biz sizləri sevirik, sizin üçün ölməyə belə hazırıq. Bu gün onlarla insan sizin üçün ailəsindən, sevdiklərindən uzaqda zindan həyatı yaşayır. Onlar da sizin kimi susa bilərdilər. Boyun əyə bilərdilər. Amma susmadılar. Çünki sizin üçün ölməyə belə hazır olacaq qədər sevirlər sizi…
Sizi sevəni tək buraxmaq rəvadırmı?!
İnsanlıqdırmı?
Əziz soydaşım, sən bu qədər nankor, qədirbilməz deyilsən..
Sən bu qədər zalım və biganə deyilsən…
Sənin üçün çarmıxa çəkilən Abbasın sənə olan sevdasını cavabsız qoyma…
Əsgər anası, sənin oğlun ölməsin deyə 5 ildir zindanda yatan, amma dönməyən, oğlunun qanını bu hakimiyyətdaki qaniçənlərə halal etməyən İlkini tək buraxmaq sənə yaraşarmı?
İlkini tək buraxacaqsansa oğlunun məzarını necə ziyarət edəcəksən? İnan, sənin susaraq etdiyin hər ziyarət onun ruhunu didir…
Səni insanlıqdan, vicdandan, mərhəmətdən məhrum etmələrinə izn vermə…
Zindanlar, həbslər, yaxınlarımızın məhkum olunmasına belə razıyıq biz və bu qurbanları veririk.
Siz bizi sevməyin, hətta nifrət belə edin, amma öz haqqınız sahib çıxın.
Mənə sayğı duymayın..
Amma özünüzə hörmət edin.
Məni qorumayın, səngərdəki oğullarınızı qoruyun…
Mənə inanmayın, amma evinizdə böyüyən qızınızın ləyaqətli yaşamısı üçün mücadilə edin…
Əgər övladını qorumağa, həyatını xilas etməyə hazırsansa, 28 oktayabrda mitinqə gəl və ölkəsi üçün məcnun ola bilənlərin sırasında dayanıb o sevda üçün “azadlıq” hayqır!
*** P.S.
Əzizlərim, sizə iki foto təqdim edirəm.
Mən onlara uzun-uzun baxdım və için-için ağladım…
Mənim Atamın boynu belə bükük, üzü belə qəmgin, ürəyi belə dağlı olmamalıydı…
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 432