2014-cü ilin aprelində Avropa İttifaqı və Avropa Şurası “Şərq Təqəfdaşlığı”na daxi olna ölkələrdə, o cümlədən Azərbaycanda insan hüquqları, demokratiya, qanunun aliliyi sahəsində Avropa standartlarına yaxınlaşmaq məqsədilə bir sıra layihələrin icrasına başlayıb. Bu layihələr 2015-2018-ci illərdə icrası nəzərdə tutulan “Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq” sazişi çərçivəsində həyata keçirilib. Oktyabrın 31-də Bakıda “Hilton” otelinin konfrans saloninda saziş çərçivəsində illik əməkdaşlıq görüşü keçirilib. Görüşdə Avropa İttifaqı, Avropa Şurasının nümayəndələri ilə yanaşı, hökumət təmsilçiləri, vətəndaş cəmiyyətinin fəalları da iştirak edib.
Media nümayəndələri görüşün bir hissəsini izləyə bilib. Orada regional layihələrin nəticələri açıqlanıb. Saziş çərçivəsində “Ədliyyə islahatına dair regional dialoq”, “Konstitusional ədalətin gücləndirilməsi”, “Şərq Tərəfdaşlığı ölkələrində qadınların ədliyyəyə çıxışının artırılması”, “qərar qəbulu prosesində vətəndaşın iştirakı”, “Penitensiar islahatların təşviqi: cəza yanaşmasından reabilitasiya yanaşmasına”, “Cəzaçəkmə müəssisələrində narkomaniyaya qarşı cinayət-hüquqi tədbirlər” və s. layihələr həyata keçirilib. Konkret Azərbaycanda “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi”; “Ədliyyə xidmətinin səmərəliliyinin və keyfiyyətinin artırılması”; “Korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması bacarıqlarının artırılması”; “Mətbuat və fikir azadlığı” layihələri həyata keçirilib. Layihələrin icrasında Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, vətəndaş cəmiyyəti və mətbuat institutları tərəfdaşlıq edib.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, bu regional proqram hər bir ölkənin spesifik tələbatları nəzərə alınmaqla həyata keçirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, insan hüquqları, demokratiya, qanunun aliliyi Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıqda mühüm yer tutur. Səfirin sözlərinə görə, bütün bunlar tərəflər arasında gələcək tərəfdaşlıq sazişinin tərkib hissəsidir.
Azərbaycanda həyata keçirilmiş layihələrin ümumi dəyərinin 4,6 mln. avro təşkil etdiyini deyən səfir Yankauskas təkcə 1.6 milyon avro Məhkəmə-Hüquq Şurası və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə birgə layihələrə ayrılıb: “Ötən həftə Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında növbəti saziş imzalanıb və əlavə mübahisələrin həlli, məişət zorakılığının qarşısının alınması, əsas əhali qrupuna hüquqi yardım göstərilməsi məqsədi ilə daha 3 milyon ayrılıb”.
Səfir onu da qeyd edib ki, “Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq” çərçivəsində artıq həyata keçirilmiş layihələrin müəyyən nəticələri olmasına baxmayaraq, daha çox hiss olunan nəticələrə ehtiyac var.
Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin rəhbəri Fəxrəddin İsmayılov “Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq” çərçivəsində görülən işlərin fayda verdiyini deyib. O həmçinin sazişin daha bir il uzadılmasından məmnunluğunu ifadə edib.
Layihələrin nəticələri və planları isə görüş iştirakçıları jurnalistlərin iştirakı olmadan davam etdiriblər.
Azadliq.info
Oxunub: 298