Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda 120-dən çox mülkiyyət hüququnun pozulması ilə bağlı şikayəti araşdırmağa başlayıb. Bu barədə AİHM-in saytı xəbər verib.
İddia olunan pozuntular eynilik təşkil etdiyi üçün məhkəmə 120-dən artıq şikayəti 5 icraatda birləşdirib.
Bu şəxslər paytaxtda, regionlarda mənzilə, ticarət obyektlərinə sahib olublar, amma həmin mülkiyyətlər dövlət ehtiyacları üçün sökülüb. Mülkiyyət sahiblərinin bir çoxuna müəyyən məbləğdə kompensasiyalar ödənilsə də şikayətçilər söküntü, eləcə də kompensasiyaların məbləği il razılaşmayıblar, yerli məhkəmələrə müraciət ediblər. Bir çox ailələrin yaşadılqları mənzillər sökülsə də onlara təzminat ödənilməyib.
Şikayətlərin bir çoxu mənzilə order verilməsi, amma hələ də mənzilin verilməməsi, torpağa sahiblik hüququnun qanunsuz ləğv olunması ilə bağlıdır.
Avropa Məhkəməsi qeyd olunan şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib və hökumət yaxın 3 ay ərzində onlara cavab verməlidir.
Bir qrup şəxsin şikayəti isə ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət hüququnun pozulması ilə bağlıdır. Şikayətçilər bu hüquqlarının tanınmasını, dəymiş maddi və mənəvi ziyanın kompensasiya olunmasını tələb edirlər(“Turan”).
Oxunub: 146