Bir anlıq təsəvvür edin: masa arxasında əyləşib ailəlikcə yemək yeyir və bilirsiniz ki, sizin də, elə uşağın da ağzındakı hər tikə başqa bir balanın boğazından kəsilib, boşqabınıza qoyulub…
Bu mənzərəni yaşamadan, sadəcə, göz önünə gətirəndə belə, adamın boğazı kilidlənir, dili-dodağı quruyur. Amma hər gün bunu yaşayan minlərlə qadın var, ana var. Rahatca, “uff” demədən yeyirlər, yedirirlər…
Son vaxtlar belə qənaətə gəlmişəm ki, ölkənin bu günə düşməsində, korrupsiya bataqlığında boğulmasında, mənəvi əxlaqın darmadağın olmasında elə bizim qadınların birbaşa və əhəmiyyətli rolu var. Tələsməyin, bu nəticəni yaradan səbəbləri mütləq sadalayacağam.
Azərbaycanda hər il 12-13 min boşanma olur. Ailəni dağıdan səbəblər çoxdur. Bunun qısqanclıq üzündən olanı da var, xəyanətin şərait yaratdığı da. Hadisələr göstərir ki, bu məsələdə qadınlar da kişilər qədər həssasdır. Ola bilər, şəriət qaydaları bir kişiyə dörd arvad almağa imkan versin, amma evdəki birincinin dördüncü nədir, heç ikinciyə razılıq verməsini heç cür ağlım kəsmir.
Qarşı tərəfdən özünə münasibətdə sədaqət gözləməkdən təbii nə var ki?! Amma kaş bizim üçün “sədaqət”, “xəyanət” anlayışları təkcə ünsiyyətlə, fiziki münasibətlərlə çərçivələnməyəydi. Əks cinsin başqa bir qadınla əlaqəsini eşidincə, az qala, dünyanı dağıtmağa hazır olduğumuz kimi, bəşəri prinsiplərə edilən xəyanət də içimizi sızladaydı, ürəyimizə toxunaydı…
Kişinin telefonuna gələn bir zəngə, bir mesaja görə qurulan necə məhkəmələr gördüm, amma rüşvət hesabına alınan bahalı maşınlara, qır-qızıla, tikilən imarətlərə qadınların etirazını, imtinasını heç görmədim. Bəlkə də olub, var, amma eşitməmişəm, görməmişəm.
Qəribədir, əks cinsin bizə xəyanətini həzm eləyə bilmirik, amma onun öz vicdanına, insanlığına xəyanətini çox rahat qarşılayırıq. Kişinin üstündən yad qadının iyi gələ bilməz, amma onun üzərindəki rüşvət, haram, ədalətsizlik qoxusu narahatlıq yaratmır. Kişinin başqa bir qadına toxunması xəyanətdir, amma həmin kişinin haqqı çatmadığı qazanca toxunmaq hesabına öz xanımını cah-cəlal içində yaşatması sədaqət?
Bir kişinin öz qadınına başqa biri ilə xəyanət etməsi nə qədər ağrılıdırsa, o kişinin həmin qadına başqalarının haqqını yedirməsi daha dəhşətlidir. Bir qadınla edilən xəyanət bir ailənin problemidirsə, dəyərlərə edilən xəyanət bütövlükdə cəmiyyətin məhvidir.
Kaş telefonların yaddaşlarında axtarış apardığımız qədər ciblərdəki pulların da mənbəyi bizi maraqlandıraydı…
Viktor Hüqo hələ XIX əsrdə Fransa məhkəmələri haqqında yazırdı ki, ədalətsiz qərar verən hakimlərin evdəki qadına aldığı alt geyimlərində başqa kişilərin haqqı var. O kişilərin oğurlanmış haqqı…
***
“Gender bərabərliyi” tanış ifadədir, çox eşitmişik. Nə olduğunu bilən də danışır, bilməyən də… Hökumət də hardasa qadın hüquqları məsələsinə həssas yanaşır – hər halda, belə görüntü var — qanunlar qəbul edir, qaydalar müəyyənləşdirir, layihələrə böyük pullar xərclənir . Vəziyyət isə dəyişmir. Çünki əvvəlcə təfəkkür dəyişməlidir. Təkcə kişilərdə yox, elə qadınların özlərində də. Qadının özünə münasibəti dəyişməlidir.
Bir tərəfdən azad olmaq istəyirik, amma o biri tərəfdən də “ailəni kişi dolandırmalıdır” düşüncəsindən uzaqlaşa bilmirik. Bərabərlikdən danışırıqsa, mən niyə başqasının hesabına dolanmalıyam? Ailə qadınla kişinin birgə ittifaqıdırsa, niyə yükü tərəflərdən ancaq biri çəkməlidir?
İctimai nəqliyyatın ümidinə qalan adamlar yaxşı bilir, avtobusda, metroda yer üstündə nə davalar olur. Üz-gözündən yorğunluq yağan, bəlkə də, bir parça çörəyə görə daş daşımaqdan qayıdan kişilər nəinki öz həmyaşıdları olan qadınlar, bəzən övladları yaşda qızlar gələn kimi ayağa qalxırlar. İnanın ki, əksər hallarda da bunu ətrafdakı “əxlaq polisləri”nin qınağına, söz-söhbətə görə edirlər. Bunu adət-ənənəyə, mentalitetə bağlamaq mənasız işdir. Birinin haqqı üzərindən başqa birinə hörmət ola bilməz. Heç qadın da bunu özünə rəva görməməlidir…
Ümumiyyətlə, qadına və qadının özünə münasibətinə görə ziddiyyətli cəmiyyətik. “Qadın müqəddəsdir”, “Cənnət anaların ayaqları altındadır” deyən də bizik, qız uşaqlarının doğulmadan məhvinə görə dünyada ikinci yerdə olan da biz… (Ayna.az)
Oxunub: 1130