İqtsadçı-ekspert Vahid Məhərrəmov
İllik pendir istehlakı norması adambaşına 25,55 kiloqram (gündəlik 70 qram) müəyyən edilib. Azərbaycan il ərzində adambaşına 4,9 kiloqram pendir istehsal edir. Bu ümumi təlabatın 19 faizi qədərdir. İl ərzində ölkəyə idxal olunan pendiri də nəzərə alanda adambaşına istehlak 5,5 kiloqram, yəni müəyyən edilmiş normanın cəmi 21 faizini təşkil edir. Onu da qeyd etməliyəm ki, ölkəmizdə kərə yağı istehlakı da aşağı səviyyədədir. Belə ki, illik kərə yağı istehlakı norması adambaşına 7,2 kiloqram (gündəlik 20 qram) olduğu halda, Azərbaycanda il ərzində istehsal olunan kərə yağı adambaşına 2,3-2,5 kiloqram, yəni 33 faiz təşkil edir. Ümumilikdə idxal olunan kərə yağını da nəzərə alsaq, ölkədə adambaşına kərə yağı istehlakı müəyyən edilmiş normanın 49 faizi qədərdir.
Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına il ərzində ət istehlakı 84 kiloqram nəzərdə tutulur. Azərbaycanda isə bu göstərici 2,5 dəfədən də çox aşağıdır. Ölkədə adambaşına il ərzində 33 kiloqram ət və ət məhsulları istehlak olunur. Bu da müəyyən edilmiş normanın 39 faizi qədərdir.
Beləliklə, Azərbaycanda yüksək kalorili heyvandarlıq məhsulları istehlakı müəyyən edilmiş normalardan dəfələrlə aşağıdır.
Oxunub: 178

































