ABŞ prezidenti Donald Trump seçki kampaniyası vədlərini necə yerinə yetirib?
Donald Trump seçki ərəfəsində Meksika sərhədi boyu divar tikdirəcəyini, bu divarın pulunu Meksikaya ödətdirəcəyini, Obama dövrünün ətraf mühit qanunlarını ləğv edəcəyini və seçki islahatı aparacağını vəd etmişdi. Bu, vədlərin sadəcə bir hissəsidir.
Azadliq radiosu, Britaniyanın “The Independent” qəzetinin Trump-ın bu vədlərinin hər birini qanunvericilik baxımından nə dərəcədə yerinə yetirə bildiyinini təhlil edən məqaləsini dərc edib:
HILLARY-Nİ HƏBS ETMƏK
Trump, az qala, bütün seçki kampaniyası boyu Twitter postlarında demokratların namizədi Hillary Clinton-u «Əyri Hillary» adlandırıb. O, dəfələrlə keçmiş dövlət katibinin hökumət məktublarını öz şəxsi e-mail serverindən göndərməsi məsələsini qabardıb.
Federal Təhqiqatlar Bürosunun (FTB) Trump-ın bu ilin mayında işdən çıxardığı direktoru James Comey FTB-nin Clinton-un yazışmalarında heç bir yanlışlıq aşkarlamadığını, onun şəxsi serverində hər hansı gizli yazışmaların tapılmadığını demişdi.
Trump 2010-cu ildə ABŞ-ın uran ehtiyatlarının 20%-nin bir Rusiya şirkətinin nəzarətinə verilməsi işində Clinton-un rolunu qabartmışdı. O, hətta keçmiş dövlət katibinin bu işə guya Klinton Fonduna köçürülmüş 145 milyon dollar əvəzində razılıq verdiyi haqda saxta iddia da səsləndirirdi.
PARİS SAZİŞİNDƏN ÇIXMAQ
Trump 2015-ci ildə 200-ə yaxın ölkənin imzaladığı iqlim dəyişikliyinə dair Paris sazişini tərk edəcəyini bildirib. Xatırladaq ki, bu sazişin məqsədi istixana qazlarının ayrılmasının azaldılması və qlobal istiləşmənin 2 dərəcə Selsi səviyyəsində saxlanılmasına yönəlib.
Trump-ın iddiasına görə, bu saziş Amerika fəhlələrini, xüsusən də kömür sənayesində çalışan 80 min insanı «iqtisadi cəhətdən əlverişsiz» vəziyyətdə qoyur.
Trump-ın bu addımı dünya ictimaiyyətinin tənqidi ilə üzləşdi. ABŞ-ın adı sazişi imzalamamış yeganə iki dövlət – Suriya və Nikaraqua ilə eyni sırada çəkilməyə başladı.
Hərçənd, Nikaraqua Dünya Bankı tərəfindən «bərpa olunan enerji cənnəti» adlandırılır. Bu ölkədə istifadə olunan bütün enerjinin 50%-ə qədəri günəş, külək və başqa alternativ enerji mənbələrindən alınır. Sazişi imzalamamaqda Nikaraquanın arqumenti bu idi ki, yoxsul ölkələr zəngin ölkələrə görə əziyyət çəkirlər. Nikaraqua bu sazişi ədalətsiz saydığından imzalamamışdı.
Qeyd edək ki, həm Nikaraqua, həm də Suriya sonradan Paris sazişini imzalayaraq, ABŞ-ı bu siyahıda tək qoyublar.
SƏFƏR QADAĞASI
Seçki ərəfəsində Trump-ın bir vədi xüsusilə çox müzakirə olunurdu: «…müsəlmanların ABŞ-a girişinə total və tam qadağa».
Trump prezidentliyinin ilk həftəsində müsəlman əhalinin çoxluq təşkil etdiyi altı ölkə – Suriya, Liviya, Sudan, Somali, Yəmən, İraq və İran vətəndaşlarının ölkəyə daxil olmasını yasaqladı. Bu addım böyük qəzəblə qarşılandı. Amerikanın hava limanlarında minlərlə insan etiraz etməyə, hüquqşünaslarsa zərərçəkənlərə pulsuz yardım təklif etməyə başladılar. Havay adaları və Kaliforniya ştatlarının federal məhkəmələri bu qadağanı qeyri-konstitusion və diskriminativ adlandıraraq dondurdu.
Qadağanın ikinci versiyasında İraq siyahıdan çıxarılıb. Bu zaman iraqlıların müharibədə ABŞ ordusuyla birlikdə vuruşduğu və ona kömək etdiyi əsas gətirilib.
Dairə məhkəmələrinin bu variantı da sorğulamasından sonra üçüncü qadağa layihəsi işlənib hazırlanıb. İrqi ayrıseçkilik ittihamlarından qaçmaq üçün budəfəki siyahıya Şimali Koreya və Venesuela da salınıb. Bundan başqa, siyahıda Sudan Çadla əvəzlənib. Ağ Ev bu ölkədə normal miqrasiya qeydiyyatı sisteminin olmadığını bildirib. Yeri gəlmişkən, Çad regionda terrorçuluqla mübarizədə ABŞ ordusunun tərəfdaşıdır.
Bu qadağa da Havay adaları və Merilend ştatlarının federal dairə məhkəmələrinin müqaviməti ilə üzləşib. Hazırda Ali Məhkəməyə apellyasiya prosesi gedir.
DİVARIN PULUNU MEKSİKAYA ÖDƏTDİRMƏK
Bu, seçki kampaniyasında ən çox səsləndirilən və hay-küy yaradan vədlərdən biri idi. Ancaq elə ilk federal büdcə layihəsinin hazırlanması zamanı Trump administrasiyası tikinti qiymətlərinin dəyişə biləcəyini bildirdi. Bir çox hesablamalara görə, divar təxminən 25 milyard dollara başa gələ bilər. Beləliklə, görünür, bu vədin yerinə yetirilməsi real deyil.
OBAMA-NIN SƏHİYYƏ PLANININ (OBAMACARE) LƏĞVİ
«Obamacare»dən yaxa qurtarmaq təkcə Trump-ın yox, seçkidə iştirak edən hər bir respublikaçı namizədin kampaniyasında mərkəzi yer tuturdu. Trump administrasiyası və parlamentdəki respublikaçılar proqramın 2018-ci il üçün büdcəsini yarı bölmək qərarına gəlsələr də, noyabrın 1-də 200 mindən artıq amerikalı bu plana qoşularaq benefisiarların sayını 2016-cı ilə nisbətən iki dəfə artırdılar. Həmin gün healthcare.gov saytına daxil olanların sayı rekord həddə, bir milyona çatıb.
Oxunub: 432