Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Priti Patel istirahətdə olarkən İsrail rəsmilərilə qeyri-rəsmi görüşləri ətrafında yaranmış qalmaqal fonunda istefa verib.
Onun gizli görüşləri barədə məlumat açıqlandıqdan sonra Afrikada olan nazir, ezamiyyətini başa vurmamış Londona çağrılıb.
İstefa barədə müraciətində Priti Patel yazıb ki, onun hərəkətləri müdafiə etdiyi şəffaflıq prinsipləri tələblərindən aşağı olub.
Baş nazir Theresa May istefanı dəstəkləyib.
Priti Patel avqust ayında İsrailin baş naziri Binyamin Netanyahu və İsrail siyasətçilərilə razılaşdırılmamış görüşünə görə üzrxahlığını bildirib.
Lakin daha sonra xanım Patel-in İsrail rəsmilərilə daha iki görüş keçirdiyi məlum olub.
Bu son həftə ərzində Britaniya hökumətində baş verən sayca ikinci istefadır.
1 noyabrda cinsi təcavüzlə bağlı ittihamlara görə müdafiə naziri Michael Fallon öz vəzifəsini tərk edib.
Patel İsraildə bir neçə rəsmi ilə görüş keçirib. O, qaydalara zidd olaraq bu barədə öncədən Xarici İşlər Nazirliyinə məlumat verməyib.
Daha sonra, 7 sentyabrda xanım Patel-in Londonda İsrailin daxili təhlükəsizlik naziri Qilad Erdanla görüşü barədə məlumat üzə çıxıb.
Bunun ardınca, 18 sentyabrda, New York şəhərində olan xanım Patel israilli diplomat Yuval Rotem ilə görüşüb.
Baş nazir Theresa May deyib ki Patel-in xidmətlərinə rəğmən mövcud qaydalara əməl olunmalıdır.
“Bildiyiniz kimi, Böyük Britaniya və İsrail müttəfiqlərdir və tamamilə düzgündür ki, biz sıx əməkdaşlıq şəraitində işləməliyik. Hərçənd ki, bu, bütün qaydalara əməl olunmaqla, rəsmi kanallar vasitəsilə həyata keçirilməlidir”.
BBC müxbiri yazır ki, Theresa May Patel-ə hörmət göstərək, ona istefaya ərizəsilə işdən çıxmağa imkan verib.
Oxunub: 468