Əlini yaxınlıqdan keçən Bakı-Quba şossesinə tərəf uzadaraq, “hər gün iki uşağımı o yoldan keçirib məktəbə aparıram, məktəblə evin arası 2 kilometrdir” deyir.
Sonra həyətindəki köhnə təkərləri, müxtəlif yerlərdən sökülmüş və ya yararsız taxtaları göstərir. O bunlardan həyat yoldaşı və üç övladı ilə birgə yaşadığı evi isidir.
Evi yarımçıq tikilidir, yuxarı mərtəbənin pəncərəsinə də dəmir məmulat vurub ki, içəri soyuq dolmasın. İçəridə yalnız kiçik mətbəxdən savayı yataq və qonaq otağının qarışığı olan başqa bir otaq var. Burada odun peçi, ondan bir metr uzaqlıqda isə içində körpə yatmış balaca bir beşik var.
Şikayətçi Nadir Talıblı danışır ki, uşaqları ancaq burada yatızdırırlar. Başqa çarə yoxdu, ev soyuqdur.
Amma uşaqlar məktəbə gedəndə, onlara “üstünüzdən hiss iyi gəlir” deyirlər, Nadir Talıblı deyir.
O, Sumqayıt şəhərinin ərazisində yerləşən yeni yaşayış massivində yaşayan təxminən 120 ailədən biridir.
Ailələrin demək olar ki hamısı, ərazidə bir neçə il yaşamaqlarına baxmayaraq bir sıra kommunal çətinliklərlə üzləşdiklərini deyirlər.Image caption
Qazsız yaşamaq
Sakinlər danışır ki, burada nə qaz xətti var, nə kanalizasiya, nə də telefon.
“İnkişafın bu vaxtında biz hələ də internetdən istifadə edə bilmirik”, sakinlərdən biri deyir.
Həsən Rəsulov onu da qeyd edir ki, onların ən əsas şikayəti qazdandır.
Deyir ki, müraciət etdikləri təşkilat və qurumlardan onlara qazın “vətəndaşların öz hesabına çəkilməli olduğu” deyilib.
Sakinlər buna cəhd edib, amma gərəkli olan vəsaiti toplaya bilməyiblər.
“30 min deyiblər, biz 10 min yığa bilmişik. Qalanı yığılmır, qalmışıq belə. Qabaqdan qış gəlir, indi böhrandır, işsizlikdir, camaatın o qədər pulu yoxdur”, Rəsulov deyir.
Sakin Sərfinaz Hüseynova burada dörd ildir yaşayır. O, qaz probleminə görə aidiyyatlı qurumlara dəfələrlə şikayət etsə də nəticə olmadığını deyir.
“Kənddə qohumlarımız var, onların qazı var, amma biz iki şəhərin arasında yaşaya-yaşaya qaz yoxdur”, o gileylənir.
Növrəstə Məmmədova isə əsasən kanalizasiya xəttinə görə şikayət edir. O, bu ərazidə yaşayanların həyətlərində tualet quyusu qazdığını və bu quyuların təmizlənməsi üçün 50 manat ödəniş edilməli olduğunu deyir.
“150 manat pensiya alıram. Hər dəfə kanalizasiya üün 50 manat versəm nə olar?!” o sual verir.
Digər problemlər
Sakinlər ərazinin yollarından da şikayət edirlər. Deyirlər yağış yağan kimi, yollar keçilməz olur. Üstəlik ərazi böyük olsa da, bura işləyən marşrut xətti yoxdur.
Üstəlik sakinlər ən yaxın marketə getmək üçün 1 kilometr yarım yol qət etdiklərini deyirlər.
Ən yaxın məktəb isə ya Sumqayıt şəhərinin özündə, ya da bu ərazidən təxminən 2 kilometr uzaqlıqdadır. Sakinlər tibbi yardım almaq üçün isə, Sumqayıt şəhərinə getməli olurlar.
Sakinlər şikayətlənirlər ki, buradan torpaq alanda onlara qaz, işıq, su, kanalizasiya xətlərinin çəkiləcəyi, yaxınlıqda məktəb və bağçanın tikiləcəyi sözü verilib. Lakin beş ilə yaxındır ki, bu vədlərin heç yarısı yerinə yetirilməyib.
Buna görə ərazidə tikilən bir çox evlər ya satılır, ya da onlarda heç kim yaşamır.
Qurumlar nə deyir?
Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyir ki, hazırda qazlaşdırılmayan ərazilərə maliyyə vəsaiti ayrılmayıb.
Ona görə də sakinlər ya yeni proqramın təsdiq edilməsini gözləməlidirlər, ya da öz vəsaitləri hesabına qaz çəkdirməlidirlər.
Onun sözlərinə görə, “vəsait ayrılacağı təqdirdə, həmin ərazidə qazlaşma növbəti illərdə həyata keçirilə bilər”.
Sakinlər tez zamanda qaz istəyirlərsə, “ASAN xidmətə müraciət etməli, lisenziyası olan tikinti şirkəti ilə müqavilə imzalamalı, daha sonra öz vəsaitləri hesabına qaz xətti çəkdirməlidirlər”.
Sakinlərdən qaz xəttinin çəkilməsinə 30 min manat istənilməsi iddialarına gəldikdə isə qurum sözçüsü belə bir təklifin Azəriqaz İB tərəfindən edilmədiyini deyir.
“Azəriqaz heç kimdən pul alıb qaz çəkmir”, o bildirir.
Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı Bakıətrafı və Sumqayıt ətrafı ərazilərdə kanalizasiya infrastrukturunun qurulması ilə bağlı problemlərin mövcudluğunu inkar etmir.
Lakin o, bu işin “böyük həcmdə vəsait tələb etdiyini” deyir.
“Azərsu ASC öz vəsaiti hesabına investisiya yatıra bilmir. İnvestisiya sırf dövlət büdcəsi və ya beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir”, deyən cənab Cəbrayıllı yeni təkliflərin hazırlandığını bildirir.
O, yeni təkliflərdə sözügedən yaşayış massivlərinin nəzərə alındığını bildirir.
Amma cənab Cəbrayıllı bildirir ki, yalnız “vəsait ayrılacağı təqdirdə o ərazilərdə iş görüləcək”.
Qurum sözçüsü vəsaitin nə zaman ayrılacağı barədə məlumatsız olduğunu deyir.
“Bu ilin büdcəsi də ola bilər, gələn ilin də, o biri ilin də. Dəqiq tarix deyə bilmərəm”.
Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə ərazidəki yol problemlərinə qurumun nəzarət etmədiyini deyir. O, bu məsələyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin baxdığını bildirir.
BBC Azərbaycanca Sumqayıt Şəhər İcra Hakimiyyətindən şikayətlərlə bağlı şərh ala bilməyib.
Oxunub: 422