Professor, Milli Şuranın sədri Cəmil Həsənli
Dostlar! Bu gün millətimizin ruhunu əks etdirən üç rəngli, ay ulduzlu bayrağımızın ucaldılmasından 99 il keçir. Birinci dünya müharibəsinin başa çatmasına ikicə gün qalmış, noyabr ayının 9-da, qarışıq bir zamanda qurucu babalarımız bu bayrağı ucaltmaqla millətimizin ideallarını və hədəflərini müəyyən etdilər.Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev və bu böyük insanlarla yanaşı dayananların ruhu şad olsun!
Bayraq idealları əks etdirmirsə, rənglənmiş bez parçasından başqa bir şey deyildir. Sovetlər 70 il yaşadı, amma bayraq sevgisi yarada bilmədi. Hər dəfə bayram və paradlarda sovet bayraqlarının tələbələrə hansı inzibatı üsullarla verildiyi və tədbir başa çatandan sonra onların bu qırmızı bez parçasından canları qurtarmaq üçün onu necə urvatsız bir əşya kimi bir-birinin üstünə qalaqlaması indiki kimi yadımdadır.
İndi meydanlarda gənclərimizin üç rəngli, ay ulduzlu bayrağın kölgəsinə sığındığın gördükcə qürur hissi keçirirsən.
Bu gün bayraq günüdür, bu bayrağı ucaldanların günüdür, yoxdan bir bayraq yaradanların günüdür. Bu bayrağı kirlədənlərin, onun altında natəmiz, əyri işlər görənlərin, bayraqla birlikdə milli idealları da çirkəndirənlərin günü deyil.
Səhər radionu açanda bu bayrağı ucaldanların böyük əməllərindən danışmaq, milli taledə bayrağın özü qədər uca məqamda dayanan insanların işıqlı adlarından söz açmaq əvəzinə:
“Azərbaycan, Azərbaycan!
Heydər kimi öndərin var.
Azərbaycan, Azərbaycan!
İlham kimi rəhbərin var.”
Difirambası ifa edilirdi.
Yazı müəllifin feysbu səhifəsindən götürülüb.
Oxunub: 1170