Rafiq Manaflı
Çıxışa bəzək vurmaq üçün qanadlı frazalar tapmaq əski sovet komsomol funksionerləri arasında geniş yayılmış xəstəlik idi. Bir dəfə komsomolun Bakı Komitəsinin iclasında II katibin hansısa banal bir məsələnin müzakirəsi zamanı işlətdiyi “Net polyota mısli” frazasından sonra zalı bürüyən qəhqəhə indi də yadımdadır.
Görünür, İlham Əliyevin frazeoloqu əski komsomolçudur. Yoxsa, haradan gələ bilərdi onun ağlına “insan kapitalı” frazası, o hara, komsomol hara. Neft kapitalını insan kapitalına çevirib, yox bir offşorda bank hesabına qoyub insanı. Bu sizin üçün valyuta dəyişmə məntəqəsi-zaddır ki, dollar verib “insan kapitalı” alasınız? Bir də, o boyda bədxərclik edib bu qədər neft milyardlarını insan kapitalına çevirmək kimə lazım idi ki, indi bizə “anekdot” danışasınız. Ölkədə insan kapitalı yaratmaq dövlətin boynunun borcudur və bunun üçün onun büdcəsində vəsait də ayrılır.
Hələ 1992 ildə, insan kapitalının effektivliyi ilə bağlı araşdırmalarına görə Nobel mükafatı alan Bekker, insana yatırımların əsasən onun təhsil və təlim xərclərindən ibarət olduğunu deyirdi. İndi gəl baxaq Azərbaycanda təhsilin və professional ixtisas təliminin vəziyyətinə. Bunun üçün büdcənizdə vur-tut 1860 milyon manat ayırmısınız. Onun da necə xərcləndiyini Bakı küçələrinin sülək itləri də bilirlər.
Məktəblini təhsildən qaçaq salan, hətta tariximizi, mədəniyyətimizi belə saxtalaşdıran dərsliklər, seçkiləri saxtalaşdırmaqdan savayı əllərindən heç nə gəlməyən, gələnləri isə 200-300 manat maaşla hər şeyə möhtac müəllimlər ordusu, hərbi xidmət müddətini 6 ay azaltmaqdan başqa heç nəyə yaramayan ali təhsil və sair.
Siz insan kapitalına dollar qoymaqdan danışmağı özünüzə necə sığışdırırsınız, necə ayıb bilmirsiniz ki, orta və ali təhsili az qala 100 faiz ödənişli etmisiz?
İxtisaslı mütəxəssis hazırlığı ali təhsillə təhsildən dərhal sonrakı ixtisas üzrə bir neçə illik praktikanın sintezindən keçir. Hardadır belə praktika? Ölkə maşın yuyan, təkər qaraldan, taksiçilik, ofisantlıq edən ali təhsilli gənclərlə doludur. Budur sizin yaratdığınız insan kapitalı?
Sizin xəbəriniz varmı ki, BMT 2000 ildən bəri “İnsan kapitalı” anlayışına insanın yeməyini, geyməyini, sağlamlığını, mədəniyyətini də daxil edib? 155 manatlıq minimal istehlak səbəti ilə qalırsiz o kapitalın qayğısına ki, heç yaşlı insanların aspirin-kardiosunun pulu etmir?
Ac, xəstə, bu gün nə yeyəcəyindən xaric nə isə fikirləşmək qabiliyyətini itirmiş insan ordusudur sizin insan kapitalınız.
Əlinizdən ölkədən çay kimi axıb gedən beyin selidir sizin o kapitala xərclədiyiniz pul, göstərdiyiniz qayğı.
Gözüqıpıq, qorxudan suyu üfürməkdən yarısını buxarlandıran zavallılardır sizin kapitalınız.
Hər kəsin qabağında əyilməyə, gözünə dəyən açıq yerdən öpməyə hazır, sürü ilə gedib ulu heykəlinizin qarşısında Standartlaşdırma Komitəsinin təyin etdiyi bucaqdan əskik olmayaraq topuğuna qədər bükülən humanoidlərdir sizin valyutadəyişmə məntəqəsindən aldığınız kapital.
Siz nədən istəyirsiz danışın – offşorlardan, bank hasablarından, villalardan, yaxtalardan, fəqət insan kapitalından başqa. Çünki məhv etmisiz Azərbaycanda həmin kapitalı.
Oxunub: 560