Cahangir Əsgərov bu komissiyadan kənarda qalıb
Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında noyabrın 13-də sərəncam imzalayıb. Bu sərəncamla “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli Sərəncamı ləğv edilib.
Yeni Sərəncamın səbəbsiz olmadığını əsaslandıran mətndə deyilir: “…Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir”.
Yeni tərkibdə 33 nəfərin adı var. Maraqlıdır ki, bu tərkibin ən azı yarısının, sərəncamı imzalayan da daxil olmaqla, dil problemi – Dövlət dili problemi var. Belə bir tərkibin dövlət dilinin qayğısına qalacağını gözləyənlərin xəyal qırıqlığı yaşayacağı qaçılmazdır. Ramiz Mehdiyev, Akif Əlizadə, Vasif Talıbov, Hacıbala Abutalıbov, Mikayıl Cabbarov, Əbülfəs Qarayev, İsa Həbibbəyli, Arif Alışanov, Əflatun Amaşov və başqalarını misal çəkmək olar. Reklamların dilinə sorumlu olan qurumun rəhbərinin – Aydın İbadovun da dil problemi olduğu şəhərdəki reklamlarından bəllidir. Bunlar öz danışdıqları sayaq komissiyanın işini qursalar, dövlət dilimizi “xoş gələcək” gözləyir. Ancaq bu komissiyanı formalaşdıranlar çox böyük ədalətsizlik ediblər. Belə bir tərkibdə ön sırada AZAL şefi Cahangir Əsgərovun adının olmamasını tarix heç kimə bağışlamayacaq; komissiyanın sədrinə də, onun müavinlərinə də…
Sərəncamın sonunda tapşırıq da verilib: “Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Dilin saflığından və dövlət dilindən istifadənin yaxşılaşdırılmasından söhbət gedirsə, Cahangir Əsgərovsuz çətin olacaq, çox çətin…
Bir çətinlik də yeni tərkibdə olanların bir neçə vəzifə tutmasıdır, bəziləri iki, bəziləri üç və daha artıq yerdə çalışırlar. Məsələn, İsa Həbibbəylinin elə siyahıda dörd vəzifəsinin adı çəkilir, yəqin yenə var. Hələ şəxsi biznesi kənara qoyuruq. Belə ciddi məşğul adamların Dövlət Dil Komissiyasının tədbirlər planını 3 aya hazırlayıb çatdırması inandırıcı görünmür, üstəlik, onlardan ən azı 7-si təhsilə bağlıdır. Qarşıdan çətin qış imtahan sessiyası var. Gərək vaxtı çox qoyaydılar. Soyuq qış ayları, tətil dövrü, Davos xizəksürməsi nəzərə alınmayıb…
Rövşən Hacıbəyli
Oxunub: 684