Bu gün Şəki Apellyasiya məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllının haqqında çıxarılan 9 il həbs cəzası ilə bağlı şikayət ərizəsinə baxılıb. Məhkəmədə onu vəkil Elçin Sadıqov və İslam İsmayılov müdafiə edib.
Hakim Elçin Hüseynovun sədrliyi ilə aparılan məhkəmədə dövlət ittihamçısının çıxışı dinlənilib. Jurnalist E.İsmayıllı onun çıxışında səslənən iddialar üzrə bütün ittihamları rədd edib və təqsirsiz olduğunu bildirib. Bundan sonra vəkil İslam İsmayılov şikayətçilərin dinlənilməsi tələbi ilə vəsatət qaldırıb. Tələbi yerində müzakirə edən məhkəmə heyəti vəsatəti təmin edib. Məhkəmə prosesi zərərçəkənlərin ifadə verməsinin təmin olunması tələbi ilə başa çatıb. Növbəti məhkəmə iclası dekabr ayının 5-nə saat 14.30-a təyin olunub.
Xatırladaq ki, Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. O, haqqında başlanan cinayət işi ilə bağlı bütün ittihamları rədd edib və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azadliq.info
Oxunub: 190