Vahid Məhərrəmli
Xatırlayırsınızsa, 28 oktyabr mitinqində ölkəyə idxal olunan qida məhsullarının keyfiyyətsiz olduğunu, standartlara cavab vermədiyini, xüsusən ərzaq buğdası adı ilə ölkəyə yemlik buğda gətirildiyini və həmin buğdanın unundan çörək bişirilərək əhaliyə yedizdirildiyini, ölkəyə kərə yağı adı ilə mənşəyi məlum olmayan qatqıların gətirildiyini, əhaliyə baha qiymətə satıldığını demişdik .
Hakimiyyət bu istiqamətdə iş görüntüsü yaratmaq üçün dünən Qida Təhlükəsizliyi Agentliyi təsis edib. Agentliyin qarşısına qoyulan vəzifələrdən biri də gömrük orqanları ilə birlikdə idxal olunan qida məhsullarını qida təhlükəsizliyini yoxlamaqdır.
Əsasnamə ilə agentliyin qarşısına 46 vəzifə qoyulsa da bəri başdan deməliyəm ki, bir oliqarx-nazirin verdiyi qərar agentlik rəhbərliyi üçün əsas vəzifə olacaq, həmin məmurun sözü daha keçərli olacaq. Neçə ki, ölkədə rüşvətxorluq, korrupsiya tuğyan edir, müstəqil, ədalətli məhkəmə sistemi yoxdur, yeni yaradılan institutlar mövcud sistemə xidmət edəcək. Ən yaxşı halda isə formal olaraq fəaliyyət göstərəcək.
Xatırladım ki, 2016-cıilin aprel ayında “kənd təsərrüfatı məhsullarının istehsalını, emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə” Ərzaq məhsullarının tədarükü və təchizati Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Sual edirəm, bəlkə bu müddət ərzində bazarlarda məhsul bolluğu olduğunu görmüsünüz? Bəlkə bu müddət ərzində ərzaq mallarının qiymətində ucuzlaşma, keyfiyyətində yaxşılaşma olduğunu müşahidə etmisiniz? Prezidentin sərancamında deyildiyi kimi bəlkə “kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin” edə biliblər? Bəlkə “dövlət vəsaitlərindən səmərəli istifadəni təmin” ediblər? Nə isə… Gülməlidir, deyilmi?
Oxunub: 300