Noyabrın 14-də Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun yenidən 7 il azadlıqdan məhrum edilməsi məsələsinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi keçmiş nazir haqda bu hökmü qüvvədə saxlayıb. İnsanov da həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ali Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rizvan Şammədov deyib ki, cinayət işinin materialları ilə tanış ola bilməyib. Ona görə də məhkəmədən vaxt istəyib:
«Bu cinayət işinin həcmi böyükdür. İcraatımda da iş çoxdur. Ona görə mənə vaxt verilməsini istəyirəm».
Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi prokurorun vaxt istəməsinə etiraz edib.
Buna baxmayaraq, Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası prokurorun vəsatətini təmin edərək, ona işlə tanışlıq üçün vaxt verib. Amma verilən möhlətin müddəti açıqlanmayıb.
Hakim deyib ki, növbəti məhkəmə iclası təyin olunanda tərəflərə bu haqda bildiriş göndəriləcək.
Ə.İnsanovun digər vəkili Toğrul Babayev də cinayət işinin həcminin böyük olması haqda deyilənlərlə razılaşmır. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, keçmiş nazir haqqında ikinci cinayət işi cəmi üç cilddir.
«Cinayət işində Əli İnsanovun ifadəsi, izahatı yoxdur. İnsanov özü hələ iyun ayında Ali Məhkəməyə kassasiya şikayəti göndərib. Dörd aydan çox vaxt keçməsinə baxmayaraq, dövlət ittihamçısının cinayət işinin materialları ilə tanış olmaması sual doğurur», – T.Babayev bildirib.
Kassasiya şikayətinə baxılması yubandığına görə bir müddət öncə Ə.İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub yazmışdı. Bundan az sonra keçmiş nazirin işi üzrə məhkəmənin vaxtı təyin olunmuşdu.
Oxunub: 664