Mərhum prezident Heydər Əliyevin heykəlinə «Gül bayramınız mübarək!» şüarı yazdıqdan sonra həbs olunan gənc fəal Qiyas İbrahimov haqqındakı ikinci cinayət işi üzrə məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina edib. Gənc fəal noyabrın 16-da Yasamal Rayon Məhkəməsində işinə baxılarkən belə deyib.
Bu dəfə CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunan Qiyas hazırkı işdə atası Həsən İbrahimovla birlikdə məhkəmə qarşısına çıxarılıb. Onlar iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində Qiyasın 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxan hakimlər – Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə, onları təhqir etməkdə təqsirləndirilir.
Noyabrın 16-da Yasamal Rayon Məhkəməsində öncə prokuror gənc fəal və atası haqqında ittiham aktını elan edib. İşə baxan hakim Hüseyn Səfərov ata və oğuldan ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. İbrahimovlar özlərini təqsirli bilməyib.
Ardından onlara ifadə vermək təklif olunub. Gənc fəal və atasının vəkili Elçin Sadıqov bildirib ki, onlar şahidlər dindiriləndən sonra ifadə verəcəklər. Qiyas və atası da vəkilin söylədiklərini təsdiqləyib.
Şahidlər isə məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə noyabrın 23-nə qalıb.
Oxunub: 360