Cinayət Məcəlləsinin 48-ci maddəsinə edilən və dekabrın 1-dən qüvvəyə minəcək dəyişiklik ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslərin rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi prosesini sadələşdirir.
Novator.az bildirir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsi məhkum edəndə onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsini də zəruri sayarsa, onda bununla bağlı həmin rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana təqdimat göndərməlidir.
Dekabrın 1-dən isə məhkəmə yalnız ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilmə üçün təqdimat verəcək. Təqdimat ali xüsusi və ya ali hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.
Digər xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməni isə məhkəmə birbaşa özü həyata keçirəcək. Yəni bu zaman məhkəmə xüsusi və ya hərbi rütbəni, yaxud təltifi vermiş dövlət orqanına təqdimat göndərməyəcək. Dekabrın 1-dən ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslərin xüsusi və ya hərbi rütbələrdən, yaxud təltiflərdən məhrum edilməsi haqda qərar məhkəmənin özündə qəbul olunacaq.
Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsaslanmaqla indiyədək ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunmuş bir çox şəxs rütbə (istər ali, istərsə digər), fəxri ad və təltifdən məhrum edilib.
Fəxri ad və təltiflərdən məhrum edilmənin nə demək olduğu bəllidir. Çünki burada yalnız bir variant var: məhkum əvvəl qazandığı fəxri ad və təltifi itirir.
Ancaq rütbədən (istər ali, istərsə digər) məhrum edilmə bu sayaq birvariantlı deyil. Burada variant çox ola bilər. Məsələn, general-mayor rütbəli şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunduqdan sonra onun rütbədən məhrum olunması barədə də qərar çıxarılırsa, onda həmin adam yalnız ali rütbədən (general-mayor) məhrum olur, yoxsa o, generallığa qədər aldığı başqa rütbələri də itirir?
Əgər yalnız ali rütbədən məhrum olursa, bu o deməkdir ki, həmin şəxs yenə zabit kimi qalır, sadəcə generaldan aşağı rütbəli zabit kimi. Generaldan aşağı rütbə isə, bəlli olduğu kimi, polkovnik rütbəsidir.
Bunlar general-mayordan daha yuxarı rütbə olan general-leytenant, general-polkovnik rütbələrinə də aiddir. Həmin rütbələrdə olan şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunduqdan sonra yalnız ali rütbədən məhrum edilirsə, deməli, onlar da polkovnikə çevrilirlər. Yəni onlar yenə zabit kimi qalırlar, sadəcə ali hərbi rütbəsi olmayan zabit kimi.
Ali olmayan xüsusi və ya hərbi rütbədən məhrum edilmə də birvariantlı deyil. Məsələn, polkovnik rütbəsi ali hərbi rütbələr sırasına daxil deyil. Əgər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxs polkovnikdirsə və onun rütbədən məhrum edilməsi qərarı da çıxarılırsa, onda bunu necə başa düşmək lazımdır? Həmin məhkum bir pillə aşağı rütbəli (polkovnik-leytenant) zabitə çevrilir, yoxsa polkovnikliyə qədər qazandığı bütün rütbələri itirib ümumiyyətlə zabitlikdən məhrum olur?
Artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 2015-ci ildə tutulan zabitlərinin bir qisminin məhkəməsi bu yaxınlarda yekunlaşdı. 2017-ci ilin oktyabr ayının 30-da Bakı Hərbi Məhkəməsi vaxtilə MTN-də baş idarə rəisi olmuş general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış polkovnik rütbəli zabitlərin rütbələrdən məhrum edilməsi üçün müvafiq instansiyalara təqdimatlar göndərilməsi barədə də qərar çıxardı. General-mayor ali hərbi rütbə olduğu və belə rütbələr dövlət başçısının sərəncamı ilə verildiyi üçün Akif Çovdarovla bağlı təqdimatın ölkə prezidentinə göndərilməsi qərara alındı. Polkovniklərlə bağlı təqdimat isə həmin rütbələri vermiş dövlət orqanına göndəriləcək. Qeyd etdiyimiz kimi, hazırkı qanunvericilik məhkəməyə bu sayaq rütbələrdən məhrum etmə haqda da birbaşa qərar çıxarmaq səlahiyyəti vermir. Belə səlahiyyət məhkəmələrdə dekabrın 1-dən olacaq.
Bəs təqdimatlar təsdiqləndikdə nəticə necə olacaq? Akif Çovdarov polkovnikə, polkovniklər polkovnik-leytenanta çevriləcək, yoxsa onlar ümumiyyətlə zabitlikdən məhrum olacaqlar?
Novator.az bu sualla hüquqşünaslara müraciət edib. Bəlli olub ki, bu məsələdə onların arasında fikir ayrılığı var.
Hüquqşünasların bir qismi bildirib ki, rütbədən məhrum etmə bütövlükdə zabitlikdən məhrum etmədir. Digər qisim isə deyib ki, burada məsələ müxtəlif variantlarda həll oluna bilər: rütbələr bir və ya bir neçə pillə endirilə, yaxud məhkumlar bütünlüklə zabitlikdən məhrum edilə də bilərlər və bu, təqdimata baxan tərəfin çıxaracağı qərardan asılıdır.
Yanaşmasından asılı olmayaraq hüquqşünaslar vurğulayıblar ki, Cinayət Məcəlləsinin 48-ci maddəsinə edilən dəyişiklik qüvvəyə minəndən sonra da belə olacaq. Yəni rütbədən məhrum etməni bütövlükdə zabitlikdən məhrum etmə sayan hüquqşünaslar bildiriblər ki, dekabrın 1-dən ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslər rütbədən (istər ali, istərsə digər) məhrum edildikdə yenə tamamilə zabitlikdən çıxarılmış olacaqlar.
Rütbədən məhrum etmənin müxtəlif variantlarını mümkün sayan hüquqşünaslar isə deyiblər ki, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslərin rütbədən (istər ali, istərsə digər) məhrum edilməsi dekabrın 1-dən də yenə fərqli formalarda – onların rütbəsinin bir və ya bir neçə pillə endirilməsi və ya bütünlüklə zabitlikdən məhrum olunması şəklində həyata keçirilə biləcək.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 33-cü maddəsinə görə, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər.
Oxunub: 572