Avropada yaşayan 3 media nümayəndəsinin həyatına təhlükə var. Bu barədə məlumatı “Azadlıq” qəzetinin və “Turan TV”-nin rəhbəri Qənimət Zahid yaymışdı.
“Azadlıq.info” saytında dərc olunan məqaləsində Q. Zahid yazır:
“Mənə çatdırılan təfərrüat bundan ibarətdir ki, azərbaycanlı kriminal avtoritetlərdən biri Avropada yaşayan 3 nəfər «narahat mühacirlə» bağlı tədbirlər görülməsini öhdəsinə götürüb. Bu, elə əslində, iyun ayından aldığım məlumatın təsdiqi və davamıdır. Adını çəkmək istəmədiyim (qeyd edirəm ki, adlar bizə bəllidir) kriminal avtoritet Meydan TV-nin Almaniyada yaşayan aparıcı simaları olan Emin Milli və Həbib Müntəzirin, eləcə də Fransada mənim zərərsizləşdirilməyimlə bağlı əməliyyatı icra etməyə razılıq verib. Bu məsələnin təfərrüatları həmin avtoritetin son zamanlar Azərbaycandan ezam edilmiş bir jurnalistlə görüşündə də müzakirə edilib. Mənə çatdırılan xəbərdə bildirilir ki, azərbaycanlı kriminal avtoritet bu terror əməliyyatlarını birbaşa deyil, Türkiyənin və Rusiyanın bəzi cinayətkar qruplaşmaları vasitəsilə həyata keçirəcəyini planlaşdırıb”.
Meydan TV-nin rəhbəri Emin Milli və qurumun sosial meneceri Həbib Müntəzir də oxşar məlumatlar aldıqlarını deyiblər. Adının açıqlanmasını istəməyən güc strukturlarında təmsil olunan çox önəmli mənbə bununla bağlı onlara məlumat göndərib.
“Tamamilə fərqli bir mənbədən də deyilənləri təsdiqləyiblər” – deyə Həbib Müntəzir Meydan TV-yə bildirib.
Hələ 2015-ci ildə Emin Milli Azəbaycan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən ölüm hədəsi aldığını demişdi.
Ötən il sentyabrın 20-də Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev bu məsələyə toxunaraq, Emin Millinin hədələnmədiyini söyləyib. Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz edən ölkə başçısı deyib:
“Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir”.
Lakin bu ilin fevralında Emin Milli yenidən hədə aldığını bəyan edib.
Emin Milli Avropa Parlamentindəki son çıxışından sonra bir neçə etibarlı mənbədən məlumat əldə etdiyini bildirib:
“Məlumata görə, Azərbaycanın xüsusi xidmət orqanları Almaniyaya bir qrup idmançı göndərib ki, şəxsən mənə hücüm etsinlər. Mənbələrdən biri bir neçə il öncə Həbib Müntəziri öldürmək üçün diplomat/agent Tural Qurbanovun Almaniyaya göndərildiyini deyən şəxsdir. Son dəfə bu plan göndərilən insanın ölümü ilə nəticələndi”.
Meydan TV-nin əsas simalarından olan Həbib Müntəzir də bir neçə dəfə hədələndiyini deyir. Onun hələ 2013-cü ildə diplomat Tural Qurbanov tərəfindən öldürüləcəyinə dair məlumatlar var. Sonradan diplomat-agent Maldiv adalarında müəmmalı şəkildə ölüb.
Həbib Müntəzir və Emin Milli aldıqları xəbərdarlıqla bağlı yaşadıqları ərazinin hüquq-mühafizə orqanlarına məlumat verəcəklərini deyirlər. Onlar da hesab edir ki, baş verən istənilən təxribata görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır.
Oxunub: 116