Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilir ki, Maltanın müxtəlif media qurumları çirkli pulların yuyulması ilə bağlı ehtimalların mərkəzində olan Pilatus Bankı tərəfindən çox güclü təzyiqlərə məruz qalıblar. Bu təzyiqlər vasitəsilə onlardan bankla bağlı məlumatların mediadan silinməsi və ya təkzib edilməsi tələb olunurdu. Pilatus Bank eləcə də, ABŞ-da Malta kütləvi informasiya vasitələrinə qarşı onun reputasiyasını ləkələməsi iddiası ilə hüquqi təqib proseduruna başlayıb. Maliyyə Təhqiqatlarının Təhlili Qurumunun (FİAU) hesabatından sızan məlumatlar Pilatus Bankının müştərilərinin daha çox Azərbaycandan olan siyasi cəhətdən ifşa edilmiş şəxslərdən ibarət olduğunu üzə çıxarıb. Lakin Bank Çirkli Pulların Yuyulmasına qarşı Təlimatda olduğu kimi öz müştərilərinin hərtərəfli araşdırılmasını həyata keçirməyib və hətta Parlament üzvləri FİAU-nun məlumatları ilə bağlı araşdırma aparılmasını tələb edəndə də bunu etməyib.
Aprel 2016-cı il tarixli Panama Sənədlərində Malta ilə əlaqəli 714 şirkətin adı açıqlanıb. Bu sənədlərdə Maltanın indiki və keçmiş nazirləri, digər yüksək ranqlı rəsmilərilə bağlı məlumatlar üzə çıxıb.
FİAU-nun 2017-ci ilin may ayında dərc edilən 2016-cı il tarixli iki məxfi hesabatının gəldiyi qənaət ondan ibarətdir ki, Maltanın hökumət rəsmilərinin çirkli pulların yuyulması prosesilə əlaqəsinə dair əsaslı şübhələr mövcuddur. Elə həmin vaxt dərc edilən üçüncü hesabatda FİAU Pilatus Bankı fəaliyyətinin daha detallı təhlilini həyata keçirmiş və Bankın Maltanın çirkli pulların yuyulmasına qarşı qanunvericiliyinin tələblərini pozması ehtimalını irəli sürmüşdür. Məlum olmuşdur ki, Pilatus Bankın lisenziyalaşdırılması prosesi Bankın Əsas Şərtlər Təlimatında təsbit edilmiş standartlara uyğunluğu müəyyən etmək üçün tələb olunan orta müddətlə müqayisədə daha sürətli olmuşdur. Lakin hələ də hökumət üzvləri də daxil siyasi baxımdan ifşa olunan şəxslərin çirkli pulların yuyulması prosesində iştirakına dair polis təhqiqatına başlanmayıb. Avropa Birliyi özünün bütün üzv ölkələrində korrupsiyaya qarşı mübarizə işinin monitorinqini həyata keçirmək səlahiyyətlərinə malikdir. Malta hökuməti 2014-cü ildə üçüncü ölkə vətəndaşlarına 650 000 Avro investisiya qarşılığnda Malta və Avropa Birliyi vətəndaşlığı verən Fərdi İnvestor Proqramı yaradıb. Lakin bu Proqram çərçivəsində vətəndaşlıq verdiyi şəxslərin siyahısını açıqlamayıb. FİAU-nun 2016-cı il hesabatı bu proqramın icrasında mümkün korrupsiya faktlarının olması ilə bağlı narahatlığın mövcudluğunu bildirib. Bütün bunları nəzərə alaraq Avropa Parlamenti
1. Dafne Kauana Qalizenin qətlini qətiyyətlə pisləyir və Malta hökumətini qatilləri ədalət mühakiməsinə təslim etmək üçün bütün zəruri addımları atmağa çağırır.
2. Dafne Kauana Qalizenin qətli ilə bağlı müstəqil beynəlxalq təhqiqat aparılmasına çağırır
3. Araşdırmaçı jurnalistlərin və məlumat ötürənlərin müdafiəsinin cəmiyyətin ən mühüm maraqlarına cavab verdiyini bildirir və Malta hökumətini, Avropa Birliyinin üzv ölkələrini onların təhlükəsizliyini təmin etməyə çağırır.
4. Maltanın nəzarət və ədliyyə orqanlarını Pilatus Bankın lisenziyalaşması prosesini, xüsusilə də, bu zaman müvafiq şərtlərə və tələblərə necə əməl olunmasını araşdırmağa çağırır
5. Malta və başqa Avropa Birliyi ölkələrinin İnvestisiya qarşılığında vətəndaşlıq verilməsi təcrübəsilə bağlı tez-tez ifadə etdiyi narahatlığını yenidən təkrarlayır.
Oxunub: 828