Noyabrin 16-da Londonda araşdırmaçı jurnalist Xədicə İsmayıla “Sergey Maqnitsi” adına İnsan Haqları Mükafatinin təqdimatı olub. Jurnalistin öılkədən çıxışına icazə verilmədiyindən, o təqdimat mərasiminə Skype vasitəsi ilə qatılıb. Bu barədə Xədicə İsmayıl öz facebook səhifəsində yazıb.
Jurnalist bu mükafata korrupsiyaya qarşı cəsarətli araşdırmalarına görə layiq görülüb.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.
Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.
Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
X.İsmayıl son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb.
O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.
Bu il sentyabrın 26-da X.İsmayıl “Nobel mükafatına alternativ” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb.
Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.
Oxunub: 322