Bloqqer Alexander Lapshin 9 ay Belarus və Azərbaycanda həbsxanalarda keçirəndən sonra İsrailə ekstradisiya olundu. Azərbaycan onu separatçı Dağlıq Qarabağ bölgəsinə səfər etməklə ölkənin sərhədlərini qanunsuz keçməkdə təqsirli bilərək 3 illiyə azadlıqdan məhrum etmişdi. Sentyabrın ortasında prezident İlham Əliyevin əfv etdiyi Lapshin Təl-Əvivə göndərilib.
Lapshin AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində Belarusda hansı şəraitdə saxlanmasından, Azərbaycana necə gətirilməsindən danışıb.
Lapshin həbsdə düz 9 ay, 2015-ci il dekabrın 15-dən 2017-ci il sentyabrın 14-dək qaldığını deyir. O, Minskdən bu il fevralın 7-də çıxarıldığını söyləyir. Deyir, səhər Belarus Ali Məhkəməsi onun və vəkilinin iştirakı olmadan iclas keçirir və günorta saat 12-yə məhkəmənin qərarını ona təqdim edirlər.
TƏYYARƏ 3 DƏFƏ DALINCA GEDİB
“İki saatdan sonra məni aeroporta gətirdilər, burada artıq Azərbaycandan gəlmiş təyyarə məni gözləyirdi. Belə çıxır, Belarus Ali Məhkəməsi qərar verməmişdən təyyarə Bakıdan çıxıbmış. Belarus məhkəməsinin bəzi əməkdaşları mənə demişdilər ki, katiblik axşamdan Azərbaycan tərəfiylə danışıb və deyib ki, ‘səhər sizin xeyrinizə qərar olacaq, təyyarə hazırlayın, hər şey yaxşı olacaq’. Yəni qabaqcadan hər şey aydın idi və müəyyələşmişdi”, – Lapshin deyir.
Bloqqer onu Bakıya aparmağa adi deyil, hökumət təyyarəsinin göndərildiyini iddia edib. Dediyinə görə, bu təyyarəylə birinci xanım Mehriban Əliyeva və qızı Avropaya, Milana, Londona alış-verişə, yaxud hansısa tədbirlərə gedirlər.
“Təyyarəyə girəndə məni bahalı qadın ətrinin iyi vurdu. Minsk aeroportunun əməkdaşlarının mənə deməsinə görə, bu təyyarə dalımca artıq üçüncü dəfəydi gəlirmiş. Birinci dəfə yanvarın 17, ya da 18-də gəlib, o zaman Baş Prokurorluq Azərbaycana ekstradisiyam barədə qərar çıxarmışdı. Ancaq bu qərardan dərhal şikayət verildiyindən təyyarə geri qayıdıb. İkinci dəfə təyyarə yanvarın 26-da gəlib, onda da Minsk şəhər məhkəməsi ekstradisiyanın istənilən halda baş tutacağına qərar vermişdi… Onlar niyə aztanınan bloqqerə görə belə bir şou düzəltdilər? Məncə, bu, daxili auditoriyaya, azərbaycanlılara hesablanmış addım idi, görünür, onlar dövlətdən Qarabağla hansısa addımlar gözləyirdilər”, – bloqqer bildirir.
Daha sonra bloqqer Bakıda Kürdəxanı təcridxanasında, 3-3 metr ölçülü kamerada yarım il saxlandığını bildirir. “Bu, bütün beynəlxalq normaların pözulmasıydı. Orada məni tək 17 gündən artıq saxlaya bilməzdilər. Bu da bir növ işgəncə sayılır… İlk iki həftə ailəmin tutduğu vəkili mənimlə görüşə buraxmadılar”, – bloqqer bildirib.
KAMERADA NƏ BAŞ VERİB
Lapshin təcridxanada adi əməkdaşdan tutmuş rəhbərliyədək hamının onun üstündə “əsdiyini”, məhkəməyə sağ-salamat çıxmasına çalışdığını bildirir. Deyir, görünür, bu, birbaşa prezident Əliyevin tapşırığı olub. Bloqqer eyni zamanda azərbaycanlıların ona çox mənfi yanaşdığını, Bakıda ona qarşı nümayişlər keçirildiyini bildirir.
“Təcridxanadan məni məhkəməyə, yaxud müstəntiqlə görüşə aparanda, necə olurdusa, yanımdan digər məhbuslar keçirdi. Onlar məni üzdən tanıyırdılar və üzümə təhdidlər səsləndirirdilər, ölümlə hədələyirdilər”, – Lapshin danışır.
Azərbaycanda yayılmış rəsmi məlumatda bloqqerin təcridxanada intihara cəhd etdiyi bildirilirdi. Amma Lapshin danışır ki, gecə 12-də yuxuya gedərkən divarın cırıltısını eşidib, içəri üzü maskalı şəxslər girib, deyir, onlar onu Bakıya gətirmiş xüsusi təyinatlılara bənzəyiblər.
“Peşəkarcasına hərəkət etdilər, biri üstümə sıçradı, dizləriylə qabırğalarımı sıxdı, barmaqlarını boğazıma soxdu, ondan başqa iki, ya da 3 nəfər əllərimlə ayaqlarımı tutmuşdular, başqa heç nə xatırlamıram. İki sutkadan sonra xəstəxananın reanimasiya şöbəsində ayıldım və həkimlər dedilər ki, məni kameranın tualetində asılmış vəziyyətdə tapıblar. Ancaq maraqlıdır ki, azərbaycanlı həkimlər zədələrimi boğulma əlamətlərinə bənzətdiklərini deyirdilər. Çünki özümü assaydım, zədələr bir az başqa cür olardı. Ancaq onlar bunu mənə pıçıltıyla deyirdilər”, – bloqqerin sözləridir.
O, daha sonra Təl Əvivdə də israilli həkimlərin belə bir qənaətə gəldiyini bildirir – bu, fiziki zorakılıqdır, uyğun yoxlama aparılmalıdır, hücum İsrail polisində sənədləşdirilməlidir.
Bloqqer İsraildə hazırda ona heç bir təhlükə olmadığını bildirir.
Oxunub: 718