Vahid Məhərrəmli
Azərbaycanda əhalinin sosial durumu get-gedə pisləşir. İnsanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması əhalinin istehlak xərclərini artırır və bu da az təminatlı ailələr üçün çox ciddi problemlər yaradır. Bir çox hallarda az təminatlı ailələr yalnız borca aldıqları adi çörəklə qidalana bilirlər. Son günlər belə hallar daha geniş yayılıb.
Ölkədə yaranmış bu vəziyyətdən, bahaçılıqdan ərzaq malları idxalını inhisara almış nazirlər, hökumət məmurları daha çox bəhrələnməyə çalışır. Ölkəyə idxal olunan ət, süd, kərə yağı, pendir, tərəvəz, kartof və sair ərzaq malları, kənd təsərrüfatı məhsulları istehlakçılara dəyərindən 40-50 faiz, bəzi məhsullar isə dəfələrlə baha qiymətə təklif olunduğu haqda mətbuatda geniş məlumatlar vermişik. Təəssüflər olsun ki, hökumət məmurları öz merkantil maraqlarına xidmət etməkdə davam edirlər. Onu da qeyd etməliyəm ki, orta əmək haqqı yüksək, dəfələrlə çox olan ölkələrdə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri Azərbaycandakı qiymətlərdən xeyli aşağıdır. Misal üçün istehlakçılara Avropa və MDB ölkələrində ət, süd 2 dəfə, kartof 3 dəfə ucuz təklif olunur. Bəzi MDB ölkələrində də ərzaq malları, kənd təsərrüfatı məhsulları əhaliyə çox ucuz qiymətə təklif edilir.
Qazaxıstanda çəkisi 600 qram olan çörək əhaliyə 15 qəpiyə təklif olunur. Gürcüstanda, Ermənistanda da ət, süd, kartof, çorək və bir sıra qida məhsulları bizdəkinə nisbətən xeyli ucuzdur. Gürcüstanda təzə mal əti istehlakçılara bizim pulla hesablayanda 8 manat 30 qəpiyə, sümüksüz mal əti isə 9 manat 60 qəpiyə, Ermənistanda isə mal əti müştərilərə 7 manat 50 qəpiyə təklif olunur.
Qiymətlərin həddən artıq yüksək olması səbəbindən Azərbaycan əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir. Beynəlxalq normaya görə, il ərzində adambaşına 84 kiloqram ət istehlak edilməlidir. Ölkə əhalisi bunun az bir hissəsini əldə edə bilir. Azərbaycanda adambaşına 33 kiloqram ət istehlak olunur, bu qədər ət və ət məhsulları isə normadan 2 dəfədən də çox aşağıdır. Onu da qeyd etməliyəm ki, normaya uyğun qida qəbul edə bilməyən insanlar fiziki və əqli inkişafdan geri qalır. Bu da ümumilikdə cəmiyyət üçün ciddi problemlər yaradır.
Oxunub: 366