Zimbabve prezidenti Robert Mugabe çərşənbə günü ordunun hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
O, paytaxt Hararedə keçirilən bir tədbirdə iştirak edib.
Cənab Mugabe bir neçə gündür ev həbsində idi.
Hərbiyyə cümə günü bildirib ki, onlar cənab Mugabe ilə məsləhətləşirlər və “mümkün qədər tez” nəticələri elan edəcəklər.
Reuters agentliyi şahidlərdən birinə istinadən yazır ki, cənab Mugabe tədbirdə çıxış edib və iştirakçıların alqışları ilə qarşılanıb.
Məlumatlara görə, Zimbabve prezidenti dərhal istefa verməyəcəyini bildirib.
Həftənin 3-cü günü ölkə ordusunun ev dustağı etdiyi 93 yaşlı Mugabe-ni kimin əvəz edəcəyi mübahisə mövzusudur.
Mugabe ilə regional diplomatlar və ordu rəhbərliyi arasında son danışıqların necə bitməsi ilə bağlı rəsmi məlumat yoxdur.
Ancaq mənbələr bildirirlər ki, o, istefa vermək istəmir.
Bundan əvvəl müxalifət lideri Morgan Tsvangirai bildirmişdi ki, Mugabe-nin “yubanmadan istefa verməsi xalqın marağındadır”.
Prezident Mugabe vitse-prezident Emmerson Mnangagwa-nı ötən həftə vəzifəsindən azad etdikdən, xanımı Grace Mugabe-ni hakim partiyanın rəhbərliyinə gətirdikdən sonra ordu hərəkətə keçib.
BBC-nin Zimbabvedəki müxbiri Andrew Harding deyib ki, əgər president rəsmi şəkildə istefaya getsə, bu, ordunun dramatik müdaxiləsinə qanuni don geyindirilməsinə kömək edərdi.
BBC müxbiri bildirib ki, küçələrdə Mugabe-nin postunda qalmasını dəstəkləyən adam tapmaq çətindir, ancaq keçid dövrünün necə olacağı barədə müzakirələr və razılaşmalar vaxt apara bilər.
İndi Hararedə nə baş verir?
Bu, aydın deyil.
Yayılan fotolar göstərir ki, prezident Mugabe ordu rəhbəri Gen Constantino Chiwenga və iki Cənubi Afrika İnkişaf Birliyinin iki səfiri ilə Hararedə Dövlət evində görüşüb.
Onların arasında görüşə vasitəçilik edən Roman Katolik keşişi, Mugabe-ni illərdi tanıyan Ata Fidelis Mukonori da olub.
Mənbələr bildiriblər ki, Mugabe yaxın illərdə planlaşdırılan seçkidən əvvəl könüllü istefaya getmək fikrindən uzaqdır.
“Düşünürəm ki, o, vaxt qazanmaq istəyir”,ordu rəhbərliyindən biri AFP xəbər agnetliyinə bildirib.
Bəzi müşahidəçilər işarə edirlər ki, Mugabe bəlkə də istefasından əvvəl özünün və ailəsinin təhlükəsizliyinə zəmanət almağa çalışır. (BBC Azərbaycanca)
Oxunub: 288