Heç elə bil, TV kanallarında Azərbaycan Respublikasının daxili həyatından danışılası nə bir problemi, nə müşkülü, nə ağrı-acısı var. TV-lər iç həyatımızın narahatlıq gətirən bir anına belə nəzər salmazlar, bir anından belə danışmazlar. Əvəzində, yüz minlərlə işsizimizi qoyub, təcavüzkar Ermənistandakı bir işsizin “acınacaqlı” həyatını göstərər, baxımsızlıq ucbatından bərbad vəziyyətə düşən kəndlərimizin “günsüzlüyünə” göz yumub işğalçı dövlətin hansısa kəndinin probleminə vaxt ayırar.
Çox maraqlıdı, bu kanallar Azərbaycan Respublikasına aiddir, yoxsa… Guya, ölkəmizin problemi yoxdu ? Torpaqları işğal altında qalan, köçkünü, qaçqını, işsizi olan bir ölkənin bəxtəvər günündən necə danışmaq mümkündür, axı. Bəlkə, burada, hamının sehirli güzgüsü, sehirli süfrəsi var, biz bilmirik ? “Açıl, süfrəm, açıl” demək bəs edir ki, kranlarımızdan süd axsın. “Göstər, güzgüm, göstər” bəs edir ki, ölkə insanları ürəklərindən keçirdikləri həyatı təmin etmiş olsunlar. Düşüncəsizlik bu iqtidarı zəlil edib. Daxili və xarici həyatda problemlər qarşısında gücsüzlüyünü gizlədən komanda bütün nöqsan və qüsurları bağrına basıb, qucaqlayıb özünün uğuru kimi göstərir. Bəli, bunlara görə, problem həll edilmirsə , deməli, o, yoxdu.
Təbii, belə bir yanaşmaya görə də Azərbaycan xalqı əziyyət çəkməkdədir. Demokratiyasızlıq – iqtisadi sistemsizlik, siyasi xətsizlik, hüquqi uyğunsuzluqla nəticələnib. Respublikamızın ağrılarından danışmaqdansa, 700 min YAP üzvüylə öyünən partiya funksionerləri bir həqiqəti başa düşmür. Hakimiyyətin yarıtmazlığı nəticəsində böyük əksəriyyət daxili dünyasında ruhən, fikrən YAP üzvlüyü ilə çoxdan vidalaşıb. Niyə də vidalaşmasın ? YAP- Vətən deyil, Xalq deyil. Pedaqoji, elmi, texniki müəssisələr kimi o da bir siyasi müəssisədir.
Dəhşətə baxın, iqtidar Rusiyanın 9 may gününü bayram edir, ancaq, Azərbaycan xalqının Əsarətdən Xilas Gününü, Konstitusiya Gününü bayram etmir. Hər sabah Azərbaycan cəmiyyətinə əsəbi ovqatla gəlir, hər axşam isə bu ölkənin qapılarını ağrılar döyür. Dolana bilməməyinin, Vətəndaş kimi işsizliyinin, hüquq və azadlığından məhrumluğunun günahını “bəxti gətirən” məmurlarda, bahalı maşın sahiblərində, müəssisə yiyələrində, villaları olanlarda görən milyonların nə demək olduğunu, heç olmasa hökumət başa düşürmü … ?
Sanki hökumətin verdiyi hər nəfəs bir qış havasıdı. Ölkə iqtisadi baxımdan solmaqda, soluxmaqda ! Məhkəməsi inhisarlaşan, şəxsiləşən, qanunları tərk-silah edilən ölkələrdə Vətəndaşın təhlükəsizliyinə təminat verilə bilməz. Belə davam edərsə, bir gün bu qanunsuzluq, bu mühiti yaradanların özlərini yeyə bilər. Heç olmasa, bunu başa düşsünlər. Parlament! O isə mənə qalib komandaların futbol şərhçilərini xatırladır.
ABŞ-ın, Fransanın, AB-nin, təcavüzə məruz qaldığımız dövlətin qapısından keçirilən topların sayı-hesabı yox. Üstəgəl də, Rusiyanın 12-ci oyunçu kimi komandamıza qoşulması. Bunların yalanı lap çəngəllə dovğa içməyə oxşadı. Azərbaycan xalqı bir həqiqəti bilməlidir. Rusiyanın işğal edilmiş ərazilərimizlə bağlı apardığı danışıqlarda heç də söhbət, hamının başa düşəcəyi tərzdə desək, Qarabağ deyil. Danışıqlar masasının üstünə Rusiya həmişə Azərbaycanı “qoyur”. Neçə illərdi, bu ölkə ABŞ-ın, B. Britaniyanın, digər Avropa dövlətlərinin razılığını almaq üçün siyasi mübarizəsindən bir addım da geri durmur. Bəs, hakimiyyət nə edir.
Hakimiyyətə görə burada hər şey yaxşıdı. Sanki dini kitablarda təsvir edilən cənnət elə Azərbaycanın özüdü. Allahım, ölmüşüksə, cənnət hanı ? Diriyiksə Ölkə hanı ? Həqiqətdə isə, bütün sahələrdə hüquqları pozulan Ölkəmiz daha çox dar ağacının altında duran günahsız birinə bənzəyir. Əslində, Azərbaycan Respublikası əksər deputatların dediyi kimi, heç də cənnəti yox, daha çox nağıllarda təsvir edilən “qara dünyanı” xatırladır. Aydındı, bildik, divin canı şüşədədir, bəs düşdüyümüz bu qara dünyanın canı, görəsən, nədədi ? Bir Vətəndaş kimi bunu hamılıqla düşündükmü ?
Oxunub: 322