Kamyunun “Kaliqula” pyesində belə bir cümlə var: “İnsanlar ölür və onlar xoşbəxt deyillər.” Yəqin, Kamyu başqa nəsə demək istəyirmiş. Amma bu cümlə hər yadıma düşəndə, Azərbaycan bütün reallıqları ilə gözümün önündə canlanır. Burada xoşbəxt insan tapmaq, bataqlıqda qızılgül tapmaq qədər çətindir. Düzdür, müəyyən təbəqə var ki, onlar çox xoşbəxt yaşayırlar. Çünki nə yemək dərdləri var, nə içmək, nə isti yuva, nə də çoxluğun qarşılaşdığı digər problemləri.
Bu azlıq xalqın ətini yeyib, qanını içir, evini uçurur və özləri üçün yaşayırlar. Lakin xalqın böyük əksəriyyəti bədbəxtlik burulğanında sürüklənib gedir. Beşikdən məzara qədər. Azərbaycanın kəndlərində, əyalətlərində demirəm, oralarda zatən həyat yoxdur. Paytaxt Bakıda yaşayan insanlara diqqət edin. İctimai nəqliyyata minin, iş yerlərinə baş çəkin, digər ictimai yerlərdə insanları müşahidə edin.
Qayğısız, həyatdan küsməmiş, sabaha ümidi olan insan tapmaq çox çətindir. Nikbin olmağa heç bir səbəb buraxılmayıb. Gülümsəməyə səbəb yoxdursa, kimsə gülümsəyən deyil. Dərd, borc-xərc, övladların sıxıntısı, onların gələcəyinin qayğısı, bu gündən sabaha ümidin olmaması, ölkəmizi zülmətə çevirib. Artıq bir neçə nəsl bu cür yaşayıb, bu cür də ölür.
Bir insan ömründə üzünü güldürəcək, onu xoşbəxt edəcək anlar yaşamırsa və ya barmaq sayı qədər yaşaya bilirsə, bu, həyatdırmı? Məgər insan bunun üçün doğulur? Ömrü boyu əzab-əziyyət çəkmək üçün? Gənclərin böyük əksəri işsizdi. İşi olmayan gənclər pis vərdişlər qazanır, qeyri-qanuni yollarla pul qazanmağa çalışır, vaxtını səmərəsiz işlərə sərf edir. Çünki normal yaşamaq, həyatını istək və arzularına uyğun qurmaq, xoşbəxt olmaq üçün heç bir şans buraxılmayıb bu xalqa. Qısası, gənclik məhv olursa, xalq da məhv olur.
Ali təhsilli gənclər işsizlikdən hamballıq etməyə məcbur olur. Savada, biliyə, qabiliyyətə qiymət verilmir. Bu ölkədə yaşam haqqı rüşvətxorlara, korrupsionerlərə, arxa-dayağı olanlara tanınır. Haqqı əlindən alınmış gənc isə ruhdan düşür, ölkəsinə, vətəninə qarşı biganəlik baş qaldırır. Haqlı deyilmi? Əgər sən bir məkanda doğulandan ölənədək haqsızlıq, ədalətsizlik, iyrənclik, zorbalıq görəcəksənsə, oranı sevə bilərsənmi?
Çətin… Axı niyə biz beləyik? Şərqdə ilk demokratik respublika qurmuş xalq niyə bu vəziyyətə salındı, bunu edənlərə imkan tanıdı? Rəsulzadənin, Topçubaşovun, Nəsib bəyin, Xoyskinin əlindən çixan ölkə bu vəziyyətmi düşməli idi? Bu xalqın günahı çoxmu böyükdür, Tanrı?
Oxunub: 644