Yaxın günlərdə eşitdik ki, Almaniyada yaşayan həmyerlimiz Yusif Abulova qarşı məhkəmə iddiası qaldırılıb. Məsələyə aydınlıq gətirmək məqsədilə Yusif bəyin özünə müraciət etdik. Onunla müsahibəni təqdim edirik.
-Yusif bəy, eşitdik sizi FB paylaşımına görə məhkəməyə veriblər. Məhkəmə iddiası hansı əsaslarla qaldırılıb və iddiaçı kimdir?
– İddiaçı Rahim Şmidtdir, Maynz şəhərində yaşayır. Mən də 2003-cü ildən bu şəhərdə yaşayıram. Bu adamı 10 il olar tanıyıram. O qədər də yaxınlığımız olmayıb. Hər hansı bir tədbirdə rastlaşdığımız zaman salamlaşmışıq, sadəcə. Güney Azərbaycandan olduğunu bilirdim. Onu bir Azərbaycansevər, vətənpərvər kimi tanıyırdım. O da mənim müxalifətyönümlü olduğumu bilirdi. Yəqin ona görə mənimlə isti münasibətləri yox idi. FB- də də onunla bir münasibətim olmayıb. Onun Almaniyada Yaşıllar partiyasının üzvü, sonra isə indi iqtidarda olan Xristian Demokrat Partiyasının (CDU) üzvü olduğunu da bilirdim. Problem nədən yaranıb? Haradasa bu il sentyabrın ortalarında FB-də Rubrika.az saytının müxbiri Leyla Sarabi İsmayılovanın Rahim Şmidtdən aldığı müsahibə qarşıma çıxdı. Şmidti tanıdığımdan müsahibə maraqlı gəldi və oxudum. Bəzi fikirləri xoşuma gəlmədi. “Hətta yaxşı xatırlayıram ki, 1992-ci ildə marafonda iştirak edib, medal qazandım. O qələbəmi istiqlalımızın qurucusu, ümummilli lider Heydər Əliyevə həsr etdim və medalımı Bakıya göndərdim”- demişdi müsahibəsində. Şmidtin bu ifadəsini FB-də paylaşdım. Bununla ona anlatmaq istədim ki, Azərbaycan istiqlaliyyətinin qurucusu H. Əliyev deyil, Məmməd Əmin Rəsulzadədir. Həm də 1992-ci ildə H. Əliyev Bakıda deyildi. O zaman gündəmdə Əbülfəz Elçibəy vardı. Azərbaycanda YAP hakimiyyətinə yarınmaq üçün belə ifadələr işlədən çox sayda insanlarımız bu gün də var. H. Əliyevi isə ümummilli lider adlandırmaq onun öz istəyi ola bilər. R.Şmidt də olsun onlardan biri. Bir də Almaniyada çıxan “Süddəusche zeitung” qəzetində CDU partiyasının üzvü Karin Strenzin Azərbaycanda rüşvət alması haqqında yazılan yazını FB-də paylaşmışam. Yəni paylaşılan iki yazının müəllifi də mən deyiləm. Sentyabrın 24- də Almaniyada parlament seçkiləri keçirilirdi. Seçki öncəsi CDU- ya rəqib partiyalar bu partiyanın üzvü Karin Strenzin rüşvət qalmaqallarından geniş yazılar yazırdılar. Alman TV-lərində bu haqda verilişlər gedirdi.
Almaniyada yaşayan azərbaycanlılar da Almaniyanın müxtəlif şəhərlərində Karin Strenzin üzvü olduğu CDU partiyasının qərargahı önündə aksiyalar keçirirdilər. Biz yaşadığımız Maynz şəhərində CDU üzvü olan bir neçə almana onların partiyasından olan Karin Strenzin rüşvətə bulaşması haqda dedikdə, çox üzüldüklərini və bu qadının partiyalarına xələl gətirəcəyini dedilər. Çox təəssüf ki, Rahim Smidt onuna eyni partiyanın üzvü olmuş Karin Strenzin yanlış hərəkətləri haqda heç yerdə fikir bildirmədi. O, bir azərbaycanlı kimi Alman qəzetlərində və TV-lərində Karin Strenzin yanlış hərəkətlərinə öz münasibətini bildirə bilərdi. O isə bunu etmədi…
-Demək ki, iddia bu paylaşımlara görə qaldırılıb. Sizdən nə tələb edirlər ki?
– Şmidtin vəkili mənə yazıb ki, FB səhifəmdə paylaşdığım həmin o iki paylaşımı silim. Vəkil deyir ki, mən bu yazıları paylaşmaqla Şmidti təhqir etmişəm, onu asağılamışam. Hansı ki, mən onun öz dediyi sözü paylaşmışam. Bu ona qarşı necə təhqir ola bilər? Həm də onun partiya həmkarı Karin Strenzin adı Azərbaycanda rüşvət qalmaqalında hallanırsa, bunu da alman qəzetləri geniş şəkildə yazırsa, TV-lər proqramlarda yayımlayırsa… Buna görə Şmidt üzvü olduğu CDU partiyasını aşağılanmış sayırsa və ictimaiyyət arasında utanc duyursa, onda iradını mənə yox, öncə Karin Strenze, sonra isə bu məlumatı yayan Almaniya qəzetlərinə və TV- lərinə bildirsin. Əslində, Rahim Şmidt özü Almaniyada yaşayan azərbaycanlıları təhqir edib asağılayıb.
Qoy, bundan danışsın. Şmidt mənim FB səhifəmdə “inbox”uma yazmışdı ki, Almaniyada CDU partiyasının qərargahı önündə aksiya keçirənlər rəsm çəkdirməklə Almaniyada oturum almaq istəyənlərdir. Çox təəssüf ki, bu gün artıq alman vətəndaşı olmuş, Almaniyada bütün imkanlara yiyələnmiş Şmidt unudur özü haralardan gəlib. Öz müsahibəsində qeyd edir ki, 1983-cü ildə İranda Şah rejimindən qaçıb Almaniyaya gəlib, hələ bu gün də İrana gedə bilmir. O, Almaniyada hansı çətinliklərlə üzləşdiyini də xatırladır. Deyir ki, həm oxuyur, həm də İrandakı ailəsinə yardım edirmiş. İndi bu adamın Azərbaycandakı dözülməz rejimdən qaçaraq Almaniyaya gəlmiş azərbaycanlılar haqqında belə deməsi heç başa düşülən deyil.
-İndi nə fikirdəsiniz, məhkəməyə gedirsiniz?
-Onun vəkilinə heç nə yazmaq fikrim yoxdur. İstəyirlər elə bu gün işi məhkəməyə göndərsinlər. Artıq mən bu məsələni ictimailəşdirmişəm. Bu haqda FB-də də yazmışam. Çox sayda təkliflər alıram. Təklif edənlər var ki, Şmidtin yaşadığı evin önündə və ya üzvü olduğu CDU partiyasının qərargahı önündə aksiya keçirilsin. Məhkəmə olarsa, məhkəmədə də iştirak etmək istəyən çoxdur. Açığı, mən Rahim Şmidtdən bunu gözləməzdim. Niyə? Ona görə ki, hələ sentyabrın 23- də o mənə FB “inboxum”da yazdı ki, “sizinlə görüşüb bu məsələlərə aydınlıq gətirmək istəyirəm. (Bu təklifi məndən başqa burada yaşayan bir neçə azərbaycanlıya da yazmışdır.) Biz də ona yazaraq bu təklifi qəbul etdiyimizi bildirdik. Bu görüşü gözlədiyimiz halda, o yazdı ki, sentyabrın 24 – 25-də İstanbulda olacaq. İrana gedə bilmədiyi üçün irem 90 yaşlı xalasını görməyə İstanbula gedəcək. Onunla görüsüb qayıdandan sonra görüşərik. Biz bu görüşu gözlədiyimiz halda eşitdik ki, Rahim Şmidt İstanbuldan qayıdan kimi, oktyabrın 27- 29- da burada bir neçə azərbaycanlı onunla görüşüb və ona bizimlə görüşmək yox, bu işi məhkəməyə verməyi təklif ediblər. Əgər bu iş məhkəməyə gedərsə, mən inanmıram ki, həmin adamlar məhkəmədə Rahim Şmidtin yanında olub, onu müdafiə edəcəklər.
Oxunub: 806