Milli Şuranın sədri Cəmil Həsənli vəkil Yalçın İmanovun cəzalandırılmasını hakimiyyətin ondan qisası kimi qiymətləndirib. Bu barədə fikirlərini Şura sədri fb səhifəsində paylaşıb:
“Daha bir vəkil kollegiyadan çıxarıldı. Söhbət Yalçın İmanovdan gedir. Hazırda siyasi məhbus kimi tanınan şəxslərin bir çoxunun vəkilidir Yalçın. Öz peşəsinə, şəxsiyyətinə, ölkə qanunlarına hörmətlə yanaşan bir hüquqşünasdır Yalçın İmanov. Dəfələrlə onun vəkil kimi çıxış etdiyi siyasi işlərdə iştirak etmişəm və doğrusu peşə hazırlığına, hüquqi məntiqinə, qanunlara hörmətinə, həqiqəti tapmaq əzminə heyran olmuş. Əlbəttə, Yalçın bəyi Vəkillər Kollegiyasından çıxarmaq tək onu cəzalandırmaq deyil, eyni zamanda müdafiə etdiyi siyasi məhbusları cəzalandırmaq, onları etibarlı hüquqi yardımdan, hüquqi müdafiədən məhrum etmək cəhdidir. Formal olaraq onu Qobustan həbsxanasında siyasi məhbus Abbas Hüseynə işgəncə verilməsi faktının yayılması bəhanəsi ilə Kolllegiyadan çıxarıblar. Lakin nədənsə nə Kollegiya, nə də Yalçın bəyin müraciət etdiyi müvafiq hüquq mühafizə orqanları belə bir faktın olub-olmamasını araşdırmayıblar. Axı, Abbas Hüseynin özünün “çarmıxa çəkilməsi”, cəzaçəkmə müəssisəsinin həyətində dirəyə bağlanması, ona işgəncə verilməsi barədə yazılı məktubu olub. Doğrudanmı qanun məhbusun başına gətirilən belə işgəncələr barədə danışmağı vəkillərə qadağan edir? Yalçın İmanov digər vəkil həmkarları ilə birlikdə Nardaran prosesində həqiqətin ortaya çıxmasında, işgəncə faktlarının ifşasında böyük peşəkarlıq nümayiş etdirdi. Bunun qisasın alırlar ondan. Yalçın öz peşə fəaliyyətini vicdan meyarları ilə cilalayan bir vəkil idi. Belə adamların saxta ittihamlarla peşə fəaliyyətindən uzaqlaşdırılması Vəkillər Kollegiyasının cəmiyyət qarşısında yalnız hüquqi məsuliyyətini deyil, eyni zamanda etimad yükünü azaldır, hüquqi qurum üçün ədalət qədər vacib olan vicdan “maddələrini” tədricən ixtisara salır.”
Azadliq.info
Oxunub: 896