Növbəti dəfə İlham Əliyev Siyavuş Novruzova ordendən, medaldan, bir şey verəndə gərək bronekostyumla birlikdə versin ki, yaxası ağırlıqdan cırılmasın.
Bir ölkədə ki, dövlət-vətən-İlham Əliyev anlayışları eyniləşdirilib, “Vətənə xidmətə görə” ordeni Siyavuşdan başqa kimə verilməlidir ki. Digər tərəfdən, “vətənə xidmətin” Siyavuş nümunəsi, İlham Əliyev dünyagörüşünə görə təqdir və təlqin edilməli deyilmi? Qalan deputatlar da İlhamdan başqa heç kimin onlara mandat verməyəcəyini Siyavuş Novruzov qədər aydın dərk etməli deyillərmi?
Bu vətənə xidmətin yeni modelidir, İlham Əliyevin təqdir etdiyi yoludur. Qoyun bir yana Qarabağı, ermənini, rusu, farsı, ərəbi, hədəf onlar deyil. Düşməni görmək üçün Siyavuş Novruzov baxdığı istiqamətə baxın.
ABŞ-ın Şimali Karolina ştatında bir toplantı olub. Hansısa bir sektant qrupun 400 nümayəndəsinin iştirakı ilə. Bu qrup dünyanın düz olduğunu iddia edir. İnsanları tanrıdan uzaq salmaq üçün yerin kürə formasında olması uydurulub deyə, toplantı dünyanın düz olmağını sübut etməyi məqsəd götürüb. İnsanın aya uçduğu, Veneraya, Marsa, Yupiterə peyklər göndərdiyi bir zamanda.
Gülməyim gəlsə də gülmürəm. Öz doğma sektantlarımın nəyi onlardan əskikdir ki. Bizim milli sektantlarımız öz sekta başçılarının ardınca, ölkənin dağılmış iqtisadiyyatı, 3 milyona yaxın işsizlər ordusu fonunda analoqsuz inkişafdan, 5%-lik işsizlikdən və buna bənzər qırmızı yalanlardan dayanmadan, gözümüzün içinə baxa-baxa danışmırlarmı.
Ölkənin bu miskin, şikəst insanların müavinətini kəsmək qədər cındır durumunda dünya bizə paxıllıq edir iddiası ilə dünya düzdür iddiası arasında hansı fərq var ki.
Siyavuş isə, əstahfurullah, sektant deyil. Siyavuş Novruzov İlham Əliyevin sonuncu mogikanıdır.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
Oxunub: 998