Son günlər parlamentdə təşkil olunan büdcə müzakirələrində ən maraqlı çıxış edən də, eləcə də ən çox ittihamlara məruz qalan da Mərkəzi Bankın sədri olub. Onun 3 fikrinə diqqəti çəkmək istərdim.
1) Elman Rüstəmov parlament çıxışında neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib: “Eyni zamanda, düzgün qeyd edib ki, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq…”
2) Bununla yanaşı, “milli iqtisadiyyatda ardıcıl olaraq 2 il tənəzzül davam edən dövrdə makroiqtisadi sabitliyin (?) qorunması”ndan danışan Mərkəzi Bank sədri onu da bəyan ki, sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq.
3) Bundan əlavə, Elman Rüstəmov parlamentdə onu da söz verib ki, Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək.
Elman Rüstəmovun birinci fikri ilə razılaşmamaq olmur. Həqiqətən də protsiklik siyasət (neft gəlirləri artanda xərclərin artması, azalanda isə azalması) iqtisadiyyatın dayanıqlı inkişafı üçün çox zərərlidir. Bəs, onda Elman müəllimin bu fikri 2018-ci ilin büdcəsi hazırlananda nədən nəzərə alaınmayıb? Bu ilin sonunda dünya bazarında neftin 1 barelinin qiyməti 5-10 dollar bahalaşan kimi gələn ilin büdcəsinə Dövlət Neft Fondundan 2017-ci illə müayisədə 51,1 faiz və ya 3 milyard 116 milyon manat çox vəsait transfert ediləcək, beləliklə də 9 milyard 216 milyon manat birbaşa neft fondunun köçürmələri hesabına formalaşan büdcə gəlirlərinin 60 faizə qədəri neft sektorundan ödəmələr hesabına təmin ediləcək. Elman müəllimin də üzv olduğu Maliyyə Sabitliyi Şurası bu məsələdə baş bankirlə nədən vahid mövqe nümayiş etdirməyib, maraqlıdır.
Mərkəzi Bank sədri ikinci açıqlaması ilə daha bir həqiqəti diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatı xarici şoklardan, bir sözlə, əsasən dünya bazarında neftin qiymətindən çox asılıdır, çünki, satmağa başqa məhsulu olmayan Azərbaycanda büdcə, xarici ticarət, valyuta bazarı və bütövlükdə iqtisadiyyat da neft gəlirlərindən qidalanır. Bu isə o deməkdir ki, gələn il manatın dollara və digər valyutalara nəzərən məzənnəsi əsasən neft-qaz gəlirlərindən asılı olacaq. Əgər neft və qaz satıb ölkəyə bu ilki qədər və ya ondan çox valyuta gətirə bilsək, manat indiki məzənnəsini qoruyub saxlayacaq, yox əksinə olsa, onda manat yenidən ucuzlaşacaq.
Elman Rüstəmovun sonuncu açıqlaması reallaşa bilər, O halda ki, gələn il manatın məzənnəsi sabit qalmaqda və ya möhkəmlənməkdə davam edərsə, eləcə də enerji daşıyıcılarının, kommunal xidmətlərin və nəqliyyatda, xüsusilə də metroda gediş haqqlarının tariflərində bahalşma baş verməzsə inflyasiyanı cilovlamaq mümkündür. Həm də onu da nəzərə almaq lazımdır ki, inflyasiya baza ilinə nisbətdə qiymətlərin dəyişməsi və artması deməkdir, baza ili olaraq da bu il götürülür. Bu ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya onsuz da yüksək olub – 13,7 faiz. Belə olan halda da əvvəlki ildə qiymətlər nə qədər çox bahalaşsa ondan sonakı ildə artım tempi ona nisbətdə bir o qədər az ola bilər. Artıq 2-ci ildir ki, istehlak bazarında ardıcıl olaraq iki rəqəmli inflyasiya müşahidə oldunğunu nəzərə alsaq, güman edirəm ki, növbəti il inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək çox da çətin olmayacaq.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.
Oxunub: 368