AXCP sədri Əli Kərimli vicdanlı və peşəkar vəkil kimi tanlnmış Yalçın İmanovun fəaliyyətinin dayandırılması haqqında qərara münasibətini fb səhifəsində bildirib:
“Artıq bu ölkədə vicdanlı və peşəkar olmaq da cəzalandırılır. Yalçın İmanov siyasətlə məşğul deyil, qarşısına rejimin dəyişməsinə kömək etmək kimi bir vəzifə də qoymayıb. Sadəcə savadlı və vicdanlı vəkildir. Gözünün qabağında cinayət törədiləndə, hüququnu qoruduğu şəxslərə qarşı cinayət işi quraşdırılanda, onlara işgəncə veriləndə vicdanı onu susmağa qoymur. Vəzifəsini vicdanla yerinə yetirir, qanunsuzluğun aradan qaldırılması üçün hüquqi yollara baş vurur, baş verənlərdən cəmiyyəti xəbərdar edir.
Bir də Yalçın bəy cəsarətli insandır. Hakimiyyətin özünə şəxsi düşmən seçdiyi şəxsləri də müdafiə etməkdən çəkinməyib. Xədicə İsmayılın, Fuad Qəhrəmanlının və bir çox digər tanınmış siyasi məhbusların vəkili olub, hüquqlarını qorumağa çalışıb. Hacı Tale Bağırzadə başda olmaqla “Naradaran məhbuslarını” müdafiə etməkdən çəkinməyib. “Nardaran” işininin saxtalığını təkcə biz azərbaycanlılar üçün deyil, bütün dünya üçün ifşa edib (bəlkə də hakimiyyəti ən çox bu qəzəbləndirib). “Nardaran məhbusu” Abbas Hüseynin cəzaçəkmə müəssisəsində çarmıxa çəkilməsindən xalqımızı və dünyanı xəbərdar edib. Bir sözlə, peşəkar və vicdanlı vəkil nə etməli idisə, Yalçın bəy onları edib. Və elə buna görə də düşüb hökumətin qara siyahısına. Onun vəkil kimi fəaliyyətini artıq dayandırıblar. Vəkillik fəaliyyətinə tamamilə xitam vermək üçün məhkəməyə müraciət edilib. Məhkəmələr də bir qayda olaraq belə təqdimatları gözüyumulu qəbul edib, rəsmiləşdirir. Ancaq bu prosesi hələ də durdurmaq olar.
Mən hamını Yalçın bəyin müdafiəsinə qoşulmağa çağırıram. Başa düşməliyik ki, söhbət təkcə Yalçın bəyin hüququnun qorunmasından getmir, rejimin niyyəti bütün müstəqil və müxalif fikirli insanları, əslində bütövlükdə cəmiyyəti vicdanlı və cəsur vəkillərin müdafiəsindən məhrum etməkdir. Niyyətləri vəkilləri tam olaraq öz iradələrinə tabe etmək, tabe olmayanları məhv etməkdir. Bəli, təkcə Yalçın İmanovun deyil, hər birimizin taleyindən söhbət gedir! Biz bu ölkədə vicdanlı peşəkarların məhv edilməsinə susa bilmərik, susmamalıyıq! Birgə səylərimizlə elə ictimai qınaq yaratmalıyıq ki, hakimiyyət Yalçın İmanovu Vəkillər Kollegiyasından çıxarmağın onun vəkil kimi fəaliyyətinin nəticələrindən daha ağır nәticә doğuracağını anlasın.
Bizlər siyasi müxalifət olaraq bu işə sahib çıxacağıq.Yalçın bəyə və Vəkillər Kollegiyasından çıxarılmağa namizəd digər vəkillərimizə, nümayəndəlik institunun ləğvilə peşəsindən ayrı salınan minlərlə hüquqşünasımıza sona qədər dəstək olmağa hazırıq. Vətəndaş cəmiyyətini səfərbər olmağa, Yalçın bəyə, əslində onun indiki və potensial müştərilərinə, bütövlükdə cəmiyyətimizə qarşı bu təhqiramiz münasibətlə barışmamağa çağırıram. Vətəndaş cəmiyyəti yenidən toparlana bilsə, hakimiyyət anlayar ki, bir çox hallarda bütün hədləri aşmaq əks nəticələr verir. Olduqca vacibdir ki, daha çox sayda vəkil bu ədalətsizliyə qarşı səsini ucaltsın. Zatən hakimiyyətin kursu məlumdur. Vəkillər Kollegiyasından bütün vicdanlı və peşəkar vəkilləri çıxarmaq istəyirlər. Hörmətli vəkillərimiz gərək bir-bir kollegiyadan çıxarılmaq növbəsini gözləməsinlər. Bu anti-insani siyasətə indidən, həm də uca səslə etiraz etmək lazımdır. Beynəlxalq birlik də zəhmət çəkib, öz öhdəliyinə əməl etsin, Azərbaycanda ədalət mühakiməsinin məhv edilməsinə seyrçi qalmasın.
Azərbaycan hakimiyyətinin yadına salıram ki, o heç də xalqı əzmək, ölkəsində diktatura qurmağa çalışmaq siyasətində tək və orijinal deyil. Bu yolu gedənlərin mütləq əksəriyyəti artıq cəzalarını alıblar, tarixin zibilliyindədirlər, xalqları tərəfindən lənətlə anılırlar. Sonuncu “gözü çıxan qardaşınızdan” – Muqabenin də başına gələnlərdən ibrət götürmürsünüzsə, deməli ki, o mütləq ədalət sizlərin də ağlınızı alıb, yolunuzu “o tərəflərə” aparır. Ancaq hələ də dayanmaq imkanınız var. Kaş ki, ölkəmizi, millətimizi və şəxsən özünüzü daha ağır nəticələrə sürükləmədən, hələ də dayanmaq imkanınızın varlığının necə böyük şans olduğunu anlayasınız!é
Oxunub: 628