İran Ərəb Liqasının Tehranı və onun Livandakı müttəfiqi Hizbullah şiə qruplaşmasını regionu sabitsizləşdirməkdə ittiham edən bəyannaməsini “yalan dolu” sənəd kimi rədd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin noyabrın 20-də səsləndirdiyi bu bəyanatdan bir gün əvvəl Ərəb Liqasının xarici işlər nazirləri İranı ərəb ölkələrinə qarşı “təcavüzdə” ittiham etmiş və bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqları ilə hədələmişdilər.
Ərəb Liqasının bəyanatı sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında Livan və Yəməndəki münaqişəyə görə gərginliyin artdığı bir vaxta təsadüf edib.
Qasemi belə bir fikir irəli sürüb ki, Ərəb Liqasının bəyanatı Səudiyyə Ərəbistanının “təzyiq və təbliğatının” məhsuludur.
İran XİN-in sözçüsü daha sonra Riyadı Yəməndəki təcavüzün dayandırılmasına çağırıb. Burada üç ildir ki, davam edən müharibədə Səudiyyə koalisiyası, hökumətə İranın dəstəklədiyi Huti qiyamçılarına qarşı mübarizədə yardım göstərir.
Sözçü habelə Livan və Qətər üzərinə təzyiqlərə son qoyulmasına çağırıb.
Livan prezidenti Maykl Aoun da Ərəb liqasının bəyannaməsini qəbul etmədiyini bildirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrin koalisiyası Qətərin İranla yaxın əlaqələrinə görə bu ölkə ilə diplomatik münasibətlərini kəsib.
Oxunub: 284