Noyabrın 20-də Vəkillər Kollegiyasından kənarlaşdırılan Yalçın İmanov hesab edir ki, cəzalandırılmasının gerçək səbəbi Nardaran olayları ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmasıdır. Nardaran məhbuslarından bir neçəsinin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən Y.İmanov AzadlıqRadiosuna belə deyib.
Vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərarın onun üçün gözlənilən olduğunu, noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına gedərkən artıq psixoloji cəhətdən buna hazır olduğunu deyən Y.İmanovun təəssüfləndiyi məsələ başqadır:
«Həyatımın müəyyən mərhələsi başa çatır, yeni bir mərhələ başlayır. Bu mərhələ haqda düşünmək lazımdır. Sadəcə, müəyyən narahatlığım var. Bu da ondan ibarətdir ki, həbsdə olan dostlarla sağollaşa bilmədim. Onlar mənim üçün təkcə müvəkkil, müştəri deyil, həm də dostlardır. Biz onların müdafiəsi ilə bağlı mümkün olanı, əlimizdən gələni etmişdik. Sağollaşa bilməsək də, əminəm ki, onlarla azadlıqda görüşəcəyik. Bir, iki, üç, beş il sonra olsa belə…».
«NARDARAN MƏHKƏMƏSİNDƏN SONRA CƏZALANDIRILACAĞIMI GÖZLƏYİRDİM»
Y.İmanov deyir ki, Nardaran olayları ilə bağlı məhkəmədə baş verənlərdən sonra istənilən vaxt bir bəhanə ilə cəzalandırılacağını gözləyirdi. Vəkilin sözlərinə görə, Nardaran məhbusu Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması məsələsini ictimailəşdirəndən sonra müəyyən mənbələr vasitəsilə ona xəbərdarlıq da edilib.
«Nardaran hadisələri ilə bağlı məhkəmədən sonra hiss eləyirdim ki, cəzalandırma istənilən vaxt baş verə bilər. Abbas Hüseynovun həbsxanada dəhşətli işgəncəyə məruz qalması, ona qarşı tətbiq olunan işgəncə üsulları ölkədə müzakirəyə səbəb oldu. Bu məsələ ilə əlaqədar Penitensiar Xidmətə, prokurorluğa, məhkəməyə, Ombudsman Aparatına da müraciət etmişdim. Həmin vaxt mənə demişdilər ki, məsələnin ictimailəşməsi, səs-küy qopması hökuməti narahat edib. Ona görə də mənimlə bağlı müəyyən addımlar atılacaq. Belə olan halda, ağla gələn ilk versiya da Vəkillər Kollegiyasının əli ilə cəzalanmağım idi. Çünki demokratiyadan kənar sistemlərin əlaltısına çevrilmiş bu qurum illərdir Azərbaycanda müstəqil fikirli, prinsipial, sözün gerçək mənasında vəkilliklə məşğul olanları cəzalandırmaqla məşğuldur. Hətta balaca uşaq da başa düşür ki, Vəkillər Kollegiyası əslində öz təmsilçisini qorumalı, müdafiə eləməlidir. Amma illərdir bunun əksini müşahidə edirik. Bu baxımdan gözlənilən hadisə baş verdi», – Y.İmanov bildirib.
Oxunub: 450