Vəkil Elçin Sadıqov dünən Vəkillər Kollegiyasına (VK) çağırılıb. Çağırış Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun ondan şikayət etməsi ilə bağlıdır.
Bu haqda E.Sadıqovun özü danışıb.
E.Sadıqov eyni şikayət üzrə 2 ay əvvəl, sentyabrın 28-də də Vəkillər Kollegiyasına çağırılmışdı. Vəkil Şəki Ağır Cinayətlər Məhkəməsinin hakiminin şikayəti üzrə izahat vermişdi.
“Yenidən intizam icraatı başlanılıb. Saat 4-də kollegiyada olmağımı istəyiblər”, – deyən vəkil başqa bilgiyə sahib olmadığını bildirib. Vəkilin deməsinə görə, çox güman ki, hakimin onunla bağlı şikayəti üzrə VK-nin intizam komissiyasının qərarı elan ediləcək.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi R.Hüseynov vəkil E.Sadıqovdan sentyabrın əvvəlində Vəkillər Kollegiyasına şikayət edib. Hakim bildirirdi ki, vəkil jurnalist Elçin İsmayıllının məhkəmə prosesinin gedişatına mane olmağa cəhd edib.
E.Sadıqov isə onu təkzib edir. Vəkil iddia edib ki(“Turan”), hakim onun hüquqlarını pozub. E.Sadıqovun deməsinə görə, hakim qanunvericiliyin tələblərinə zidd olaraq, jurnalist E.İsmayıllının işi üzrə hazırlıq iclasını onun iştirakı olmadan keçirib. Vəkil vurğulayıb ki, buna etiraz etdikdə, hakim ondan şikayət edib.
Vəkillər Kollegiyası sonda Elçin Sadıqov barəsində başlanmış intizam icraatına xitam verib.
Vəkil deyib ki, ona heç bir intizam tənbehi verilməyib.
“Kollegiya qərar verdi ki, mənim barəmdə verilmiş şikayət əsaslı olmayıb. Heç bir hüquq pozuntusuna yol vermədiyim aydnlaşdığı və hakimin şikayəti təsdiqini tapmadığı üçün icraata xitam verildi”, – vəkil bildirib.
Oxunub: 420