İlham Əliyev bir qrup yapçını mükafatlandırıb, ancaq müxtəlif adlarla
Noyabrın 18-də prezident İlham Əliyev 5 sərəncam imzalayıb. 56 nəfərlə bağlı sərəncamlarda 48 nəfər “respublikanın ictimai-siyasi həyatında fəal iştiraka görə” müxtəlif fəxri adlara layiq görülüb. İlk baxışda belə düşünmək olar ki, kiminsə ad günü, kiminsə yubileyi, ya da hansısa sahədə çalışanların peşə bayramı ilə bağlı verilən sərəncamdır. Yox, bu, o sərəncamlardan deyil. Bu təltiflər birbaşa hakimiyyətə bağlıdır. Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ilinə. Eyni zamanda bunu 2018-ə hesablanmış addım da saymaq olar. Narazıları ələ almaq, əldə olanları şirnikləndirmək… Siyahıda YAP Siyasi Şurasının işləyən, işləməyən (şura üzvlərinin bəzisinin adı qarşısında “müvəqqəti işsiz” sözləri yazılıb), işdən belə qovulan üzvlərindən bəzilərinin adı var. Yeri gəlmişkən, görünür, hakim partiya xidmətçiləri belə bu ölkədə açılan iş yerlərini tapa bilmir. Ancaq mövzumuz bu deyil.
Bu il partiyanın yubiley ili olduğundan müxtəlif rayonlarda, idarə və müəssisələrdə YAP-la bağlı tədbirlər keçirilir. Hələlik sonuncu tədbir Heydər Əliyev Mərkəzində İlham Əliyevin iştirakı ilə noyabrın 14-də baş tutub. O tədbirdəki çıxışdan xəbərsiz də deyilsiz. Yenə saxta rəqəmlər, illərdir təkrarlanan sözlər: “…Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir”.
Bu sitatdan sonra nəyisə sübut etməyə, həbsdəki jurnalist dostlarımızdan, ictimai-siyasi fəallardan, inanclı kəsimdən danışmağa gərək duymuruq…
Həmin tədbirin ardınca məlum sərəncam imzalanıb. Sadəcə təltifləri bu partiyanın yubileyinə bağlamayıblar. “Respublikanın ictimai-siyasi həyatında fəal iştirak”ı asan çıxış yolu kimi seçiblər. Bundan başqa, “əməkdar jurnalist”, “əməkdar müəllim”, “əməkdar dövlət qulluqçusu”, “fərdi təqaüd” yoluyla bir qrup yapçının xəcalətindən çıxıblar. Onların arasında YAP-ın “91-lər”i də var. Həmin tədbirdə İlham Əliyev onları “bir qrup vətənpərvər insan – məşhur 91-lər” adlandırıb. Belə taktikanın niyə seçildiyi heç anlaşılan deyil. Guya “YAP-ın yaranmasında xidmətlərə görə…” sərəncam verilsəydi nə dəyişəcəkdi ki?! Bəlkə də çəkiniblər, ya utanıblar. Əslində, bunların heç biriylə razılaşmaq da olmur. O qədər ailə, qohum-qardaş təltifi görmüşük. Görünür, say çox olduğundan bu yola gediblər. Maraqlı məqam odur ki, “respublikanın ictimai-siyasi həyatında fəal iştiraka görə” təltif olunanların çoxunu ictimai-siyasi həyatla azdan-çoxdan nəfəs alanlar tanımır, yəni o fəallıq heç yerdə görünmür.
Ödülləndirilənlərdən biri, Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü, ixtisasca həkim olan Tahir Budaqovun təşkilatının bu hesablamanı aparmayacağını nəzərə alıb sərəncamlarla bağlı bəzi statistik rəqəmlərə toxunaq: Təltif olunan 56 nəfərin hamısı yapçıdır. Onların 18 nəfəri “91-lər”-in, 16 nəfəri YAP Siyasi Şurasının üzvüdür. Təltif olunanlardan 3-ü həm də deputatdır…
Onlardan Ağabəy Əsgərov(91) “Şöhrət” ordeni, Siyavuş Novruzov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Munis Bayramov (91), Vilayət Əliyev(91), Abdin Fərzəliyev, Mirkazım Kazımov, Xeyrəddin Qocayev(91), Aydın Mirzəzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
38 nəfərəsə “Tərəqqi” medalı verilib. Qalmaqallı hadisəyə görə işini itirən YAP Siyasi Şurasının üzvü Aslan Aslanovun (Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini) da adı “Tərəqqi” alanlar arasındadır. YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP icra katibliyində baş təlimatçı Misirxan Vəliyev, vaxtilə Dövlət Yanacaq Komitəsinin sədrinin 1-ci müavini olan, ARDNŞ nəzdində fəaliyyət göstərən Neft Kəmərləri idarəsinin keçmiş rəisi işləyən Rizvan Vahabov da “Tərəqqi” alıb. Sonuncu yapçı indi “müvəqqəti işsiz”dir, YAP-ın saytında belə yazılıb. Bu adamın “Gündəlik Bakı” qəzetinin indi həbsdə olan baş redaktoru Habil Vəliyevlə məhkəmə çəkişməsi olub. Maraqlıdır ki, məhkəmələr yapçının bu iddialarını rədd edib…
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyevaya və partiyanın Saatlı təşkilatının sədri Lütvəli Şıxəliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Daha iki yapçıya – Tofiq Hüseynova və Sudeyif İmamverdiyevə Prezidentin fərdi təqaüdü verilib. Onların da hər ikisi “91-lər”dəndi.
YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb.
İki yapçıya “əməkdar jurnalist” adı verilib. Səlahəddin Quliyev və Hüseyn Paşayevə. Bunlardan birincisi vaxtilə prezidentin mətbuat xidmətinin rəhbəri olub. İkincisi isə uzun illərdir YAP-ın mətbuat xidmətinin rəhbəridir. O, həm də MSK üzvüdür.
ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Allahverdi Hacıyev(91) və Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Hacan Hacıyev isə “əməkdar müəllim” olub.
İlham Əliyev bir məqsəd güdən 5 ayrı-ayrı sərəncam verməklə əslində, sədri olduğu partiyanın üzvlərini ölkə prezidenti kimi mükafatlandırıb, büdcə vəsaitini partiya maraqlarına xərcləyib. Niyəsini kimsə sorğulamayacaq…
“…O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü…” – bu sözləri də İlham Əliyev YAP-ın yubiley tədbirində deyib, ancaq burada söhbət 25 il əvvəldən gedir; “AXC-Müsavat cütlüyü”nün hakimiyyətdə olduğu illərdən…
Bizi çox maraqlı 2018-ci il gözləyir…
Rövşən Hacıbəyli
(meydan.tv)
Oxunub: 666