Müzakirələr 3 gün davam edəcək
Noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılıb. Büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək. Noyabrın 22, 23-də 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirə olunacaq.
Milli Məclisin gündəliyinə 7 məsələ daxil edilib:
- “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında.
- Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
2018-ci ilin dövlət büdcəsi layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib. 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfertin, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür. Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da bu ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.
2018-ci il üçün büdcə kəsiri 778,7 mln. manat həcmində nəzərdə tutulub. 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7% azdır.
İqtisadiyyat naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və başqaları da müzakirələr zamanı çıxış edib.
Azadliq.info
Oxunub: 240