“Həsən ağa“ sayağı qohumluq, dostluq, tanışçılıq üzərində qurulan hakimiyyət intellektuallıqdan, dinamiklikdən çox uzaqdı. O, ictimai-siyasi proseslərdə insanlara daş-divar susqunluğu təsiri buraxır. Məhz bunun nəticəsi kimi iqtidar tərəfindən idarəsiz vəziyyətə gətirilən Respublikamız özünün “buz” dövrünü yaşamaqdadır. 24 il ərzində BMT-nin , eləcə də digər təşkilatların Azərbaycanın tərəfində olmasına baxmayaraq ərazi bütövlüyümüzü bərpa edə bilməyənlərin siyasi dünyasızlığı, siyasi düşüncəyə maliksizliyi göz önündə ! Eləcə də, xüsusi coşquyla müşahidə edilən tikililərin istifadəsində dəfə hesabıyla şişirdilmiş qiymətlər, iqtisadi həyatda israfçılıq, başqa bəhanələrlə büdcəyə uzanan əllər Ölkənin iqtisadi baxımdan puçluğunu da ortaya qoyur.
Hər günümüz mənasızlaşıb, məqsədsizləşib. Mənasızlaşmayan, məqsədsizləşməyən iqtidarın eyforikliyidir, davamlı məğlubiyyətləri üzərində özünə qalib görkəm verməsidir, Xalqı olmayan qələbələrinə inandırmaq cəhdidir. “Düşüncə tamarzılığı” xəstəliyindən əziyyət çəkən komanda böyük amallar uğrunda aparılmalı olan mübarizənin üstünə qara pərdə çəkib. Cəmiyyətdə hakimiyyət hər kəs üçündür prinsipi yox, hər kəs hakimiyyət üçündür düşüncəsi mövcuddur. Fərdilik bizi bataqlıq kimi özünə çəkməkdə ! Fərd kimi “bəxtəvərlik” qiyafəsində görünmək nə qədər acınacaqlıdır.
Prezident çıxışlarının birində – insanlara mərhəmət göstərin,- demişdi. Əvvəla, Azərbaycan cəmiyyətində insanlar yazıq günə salınmasaydı mərhəmətə də ehtiyac qalmazdı. Gəlin , ictimai münasibətlərdə ədalətlə mərhəməti qarışdırmayaq. Müalicəyə ehtiyacı olanların arxasında Dövlət durmursa, bunu hansısa şəxs və ya şəxsiyyə edirsə, deməli, həmin cəmiyyətdə Ədalət və Vətəndaş təsəvvürü çoxdan ölüb və həmin cəmiyyətlər iki yerə bölünür-asılılara, asılı olmayanlara. Asılı olanlar asılı olmayanlardan su, çörək umur, uşaqlarının, özlərinin müalicələrini umur. Şəxslər və şəxsiyyələr də böyük bir coşqunluqla Ölkədə özlərindən asılı hala saldıqlarına elədiklərini reklam vasitəsiylə car çəkirlər. Azərbaycan insanına mərhəmət yox,ədalət lazımdır. Ədalət Qanun deməkdi. Qanunlar isə insanı ömür boyu müşayiət edir. Hüquq insanın dostudu, müttəfiqidi, tərəfdaşıdı. Müalicə, iş, təhsil, istirahət və sairələr, insanın hüququdur. Bunlar üçünsə şəxsin və ya şəxsiyyənin “ mərhəmətinə “ ehtiyac yoxdu. İndi özünüz cavab verin, “mərhəmət” nəticəsində 10 milyon insana uzanan 1 stəkan sumu və ya hüquqi baxımdan 10 milyon insanın haqqı olan ümmanmı.
Azərbaycan xalqını talesizliyinə qovuşduran komanda özünü cəmiyyətdən çoxdan təcrid edib. Bu təcrid etməyə isə MM susur. Görünür parlament də Xalqın acınacaqlı vəziyyətiylə barışır. Əslində, başqa münasibət sərgiləməsi mümkünsüz. Axı , hakimiyyətin müəyyən şərtləri daxilində Parlament təyinata razılıq verənlərin “düşərgəsidi”. Ən azından onlar ora gözlərini və qulaqlarını bağlamaq üçün yığışıblar. Əslində isə hüquqi cəmiyyətlərdə parlamentlər rəngarəngliyi, fikir sərbəstliyi, düşüncələrin dərinliyi ilə diqqəti cəlb edir. MM – də isə ideya, fikir axtarışlarını birinci tapmaq mübarizəsini yox, bir qisim deputatların şəxsi münasibətlərindən doğan “ ağızlaşmalarının” şahidi oluruq.
Siyasət elminin “əyləndiyi” uğursuz hakimiyyətin daxili münasibətlərdə olduğu kimi beynəlxalq münasibətlər barəsində də yaxın və uzaq təsəvvürü yoxdur. Belə vəziyyət bizi bir Xalq olaraq niyə qane etməlidir ki?
Oxunub: 306