Yeni Musavatın (oxu: Yeni Xurafatın) köhnə xəstəliyi baş qaldırıb
Özünümüdafiədən xoşum gəlməz. Xüsusən avtoritar rejim sahiblərinin cirkli çəkmələrilə mən tərəfə əzilmiş portağal kimi təpiklədikləri raufarifoğlu və onun səviyyəsində olanlara reaksiya verməyi özümə yaraşdırmıram. Amma barəmdə dayanmadan tirajlanan yalan, böhtan, iftira və təhqirlərə qısa və konkret münasibət bildirərəm. Mən hüquqşünasam, peşəmi çox sevirəm, hüquqşünaslıq ixtisası üzrə Azərbaycanda, Rusiyada və Niderlandda üst-üstə 3 ali təhsil almışam. Siyasətlə həvəskar formada, daha doğrusu məcburən məşğul oluram. Səbəb Vətənimizdə müasir dünyaya yaraşan bir cəmiyyətin olmamasıdır. İstəyim də Azərbaycanda normal vətəndaş cəmiyyətinə nail olmaqdır.
Mənim sərəncamımda bircə face profilim var. Orda yazılanlar avtomatik olaraq twitter səhifəmə də yüklənir. Düzü ordakı vəziyyətdən heç hali də deyiləm. Çoxdandır heç oranı açıb baxmamışam. Face səhifəmə isə hər gün vaxt olduqca nə isə yazıram. Əgər face səhifəmdəki fəaliyyətim avtoritar rejimi bu qədər narahat edirsə, deməli düz yoldayam.
Əslində hesab etmirəm ki, mən onlar üçün ciddi bir probleməm. Yaxşı başa düşürəm ki, probem özünün bütün mənəvi və intelektual parameterlərilə avtoritar rejimin sahiblərindən qat-qat yüksəkdə duran Əli Kərimlidir. Başa düşürəm ki, Əli Kərimli ilə kişi kimi mübarizə aparmağa heç nələri yoxdur. Sərəncamlarında Azərbaycan xalqından oğurladıqları milyardlar və həmin milyardlar sayəsində də bu oğurluğu dilə gətirənlərin haqq səslərini susdurmaq üçün uydurduqları iftiralar və onları tirajlayan nadanlardır.
Elə isə ey nadanlar, nəzərə alın ki, buralarda milçəklər kimi ürək bulandırmağınız (əslində iftiralardan qeyri əlinizdən bir şey də gəlmir) adama türklər demişkən “vız gəliyor”. Adını belə düz yaza bilmədiyiniz Vüqar Niftiyev kimi sıravi, vətənpərvər insanlardan düşmən düzəltməyiniz isə heç bir əndazəyə sığa bilməz.
Tərbiyəm mənim üçün senzordur. Barəmdə deyilən iftiralar hər cür cavabı nə qədər haqq etsə belə senzorumun tələblərindən keçə bilmirəm və buna görə də bir face dostumun cavab kimi mənə məsləhət gördüyü cümləni burda sitat kimi verirəm: “Əgər, hardansa pul aldığımı faktlarla subut edə bilməsəniz, deməli göz görə-görə namusunuzu hərraca çıxartmısınız”…
Yekun olaraq bir daha qeyd edirəm ki, Yeni Musavat (Yeni Xurafat) qəzetinin AXCP-nın sədri Əli Kərimliyə, Milli Şuraya və digər demokraik qüvvələrə qarşı sahibləri tərəfindən sifariş edilən növbəti standart “şüvənliyində” bir daha adımın hallanmasından səbr və əxlaqıma müvafiq olaraq qətiyyən narahat olmadığımı bəyan edirəm…
Oxunub: 484