Milli Şuranın sədri Cəmil Həsənli Ermənistandan fərqli olaraq Azərbaycan hakimiyyətinin Avropa ilə yaxınlaşmaq istəməməsinin səbəbləri barədə fikirlərini FB səhifəsində bölüşüb.
2009-cu ildən fəaliyyətə başlayan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı altı ölkəni – Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukraynanı əhatə edirdi. Ötən 8 il ərzində bu altı ölkənin dördü – Ukrayna, Moldova, Gürcüstan və Ermənistan “Şərq Tərəfdaşlığı” proqramına inteqrasiya oldular. Sonuncu, beşinci sammitdə Brüsseldə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşmasını (Comprehensive and Enhanced Partnership Agreement – CEPA) imzaladı. Deməli, hələ 2009-cu ildə “Şərq tərəfdaşılığı” proqramı üzrə nəzərdə tutulmuş 6 ölkədən 4-ü öz seçimini etdi.
İndi Azərbaycan Belarusla birlikdə proqramdan kənarda qalır. Nəticə etibarı ilə biz Belarusun yanındayıq, Ermənistan Avropa İttifaqı ölkələrinin. Və həm də Ermənistanın nümunəsində ilk dəfə olaraq Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkə Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş partnyorluq sazişinə getdi. Mənzərə maraqlıdır: Azərbaycan ərazilərini işğal etmiş Ermənistan həm strateji müttəfiqi olduğu Rusiya ilə əlaqələrini qoruyub saxlayır və Avrasiya İqtisadi İttifaqının üzvü kimi qalır, həm də “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı kimi Avropa İttifaqından əlavə siyasi dəstək alır. Bəli məhz, siyasi dəstək alır. 24 noyabra qədər Azərbaycan Ermənistanın bu sazişi imzalamaması üçün bütün vasitələrə əl atdı, nəzarətində olan mətbuat vasitəsi ilə Yerevana “qulaqburması” vermək istiqamətində Rusiyaya mesajlar verdi. Amma bu “çuğulçuluq” siyasəti də iflasa uğradı. Ermənistan sazişi imzalamaqla daha çox müstəqil olduğunu nümayiş etdirdi.
Bir sıra şərhçilər məsələni iqtisadi tərəfə yönəltməyə üstünlük verirlər. Amma iş yalnız əlverişli bazar və sərfəli investisiya imkanı əldə etməkdə deyil. Əslində, bu göstəricilərə görə də Azərbaycan öz qonşuları ilə ayaqlaşa bilmir. Avropa İttifaqının bu yaxınlarda hər üç Cənubi Qafqaz respublikası üçün ayırdığı 250 milyon Avro həcmidə olan ixracat güzəştindən Gürcüstan və Ermənistan tam həcmdə yararlandısa, Azərbaycan bu güzəşt çərçivəsində yalnız 80 milyon Avro dəyərində Avropaya mal ixrac edə bildi. Bu onun etirafıdır ki, ölkə Avropa İttifaqı standartlarında ixracat imkanına malik deyil. Ermənistan üçün “Şərq tərəfdaşlığı”na qoşulmaq daha çox siyasi məramın ifadəsidir. Axı, bütün hallarda İlham Əliyevdən fərqli olaraq erməni liderlər üçüncü dəfə prezident seçilmək üçün ölkə konstitusiyasının dəyişdirilməsinə getmədilər. Axı, heç erməni liderləri həyat yoldaşlarını birinci vitse-prezident etmələrin ağıllarına belə gətirmədilər. Bu halda, Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramından kənarda qalmasına niyə təəccüblənirik.
Hər kəs Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramını və assosiasiya sazişini imzalamamasından təəssüfünü ifadə edir. Hər bir saziş ikitərəfli prosesdir. Tərəflərdən biri kimi Azərbaycan bu layihələrin heç birinə hazır olduğunu əməldə nümayiş etdirməmşdi. Bu halda, bəlkə Avropa Birliyi Azərbaycanla əməkdaşlıqda maraqlı deyildi və qeyd edilən sənədləri imzalamağa həvəs göstərmədi.
Bunun üçün çoxlu əsaslar var. Ölkə ailə hakimiyyətinin hüquqi və praktiki əsaslarını yaratmaqla monarxiyaya hədəflənib; Korrupsiya bəd xassəli şiş kimi Azərbaycanı cənginə alıb; Azərbaycan hakimiyyəti natəmiz əməlləri ilə Avropa dəyərlərin təhlükə altına alıb; Avropa məkanında araşdırılan istənilən korrupsiya və rüşvət hadisəsinin içərisindən Azərbaycan hakimiyyətinin öz ölkəsindən oğurluqları çıxır; ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23, 2010-cu ilin parlament seçkilərində 32, 2013-cü ilin prezident seçkilərində 58 faiz olub. Bu rüsvayçı artım dinamikasından sonra ATƏT 2015-ci ilin parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etdi. İnsan haqlarının acınacaqlı durumu və siyasi məhbus düşərgəsi də öz yerində. Bəlkə, Azərbaycan “Şərq tərədaşlığı” proqramını imzalayıb Avropa Birliyinin Xəzər sərhədlərində siyasi məhbus koloniyası funksiyasını üzərinə götürməli idi?
Axı, Azərbaycanda siyasi məhbusların sayı həmin proqrama qoşulan 4 ölkə, yandaşı olduğu Belarusiya və üstəgəl Rusiyada birlikdə olduğundan dəfələrlə çoxdur. Qonşu ölkədən jurnalist oğurlayan, siyasi məqsədləri üçün öz vətəndaşların Nardaranda gülləyə tutan, tənqidi fikri boğmaq üçün siyasilərin və jurnalistlərin qohumlarını həbs düşərgələrində girov saxlayan, gəncinin cibinə narkotik, təhlükəsizlik naziri ilə baş prokuroru sövdələşib vətəndaşının evinə silah atan və bu saxta ittihamı hər üç məhkəmə instansiyasında rəsmiləşdirən, ərazisində müstəqil mətbuatı bloklayıb tənqidi səsləri susduran bir ölkə niyə Avropa İttifaqının tərəfdaşı olmalıdır?
Oxunub: 810