Son vaxtlar mətbuat səhifələrində, eləcə də bəzi tədbir və müzakirələrdə ziyalıların siyasiləşməsi haqda müxtəlif fikirlər səslənir. Bu yaxınlarda hörmətli bir təşkilatın keçirdiyi və əsasən bu mövzuya həsr edilmiş tədbirin iştirakçısı oldum. Təəccübümə rəğmən, çıxış edənlərin əksəriyyəti: «Bu gün ziyalılarımız hökmən siyasiləşməlidir. Buna alternativ yoxdur!» – söylədilər. Sözün doğrusu, həyat təcrübəsinə, elminə, qələmi və digər müsbət xüsusiyyətlərinə hörmət bəslədiyim insanların birmənalı olaraq belə fikir yürütməsi məni çaşdırdı. «Necə yəni?.. Axı ziyalı niyə və nə səbəbə siyasiləşməlidir? Özü də «hökmən!» Nə üçün? Nə xəbərdi?…» – bu sualları ürəyimdə təkrar edə-edə duruxub qaldım.
İndiyəcən mən, yarıciddi, yarızarafat düşünmüşəm ki, qələm əhli çox vədə yaxşı danışa bilmədiyi üçün yazmağa, siyasətçi isə çox zaman yaxşı yaza bilmədiyi üçün danışmağa qərar verən insandır. Yəni siyasətçi nə vaxtsa böyük sənətkar-şair, ya yazıçı olmaq istəyən, amma ola bilməyən, yazıçı isə sanballı siyasətçi olmağı arzulayan, lakin bu arzusuna yetişməyən adamdır və hər ikisi, əslində, uğursuz şəxsiyyətdir. Belə çıxır ki, mən pis-yaxşı, bir yazıçı kimi öz xoşumla siyasətə qoşulmalı və bununla ikiqat uğursuzluğa imza atmalıyam? İkiqat uğursuzluq isə, yəqin ki elə bədbəxtlik deyilən şeyin birinci qatıdır. Əlqərəz…
Ziyalıların siyasiləşməsinin labüdlüyü barədə ciddi müzakirə açan hörmətli tədbir iştirakçıları öz fikirlərini əsaslandırmaq üçün bolluca misallar çəkdilər – M.F.Axundovdan tutmuş, Ü.Hacıbəyovu, C.Məmmədquluzadəni, M.Ə.Sabiri və daha kimləri nümunə göstərərək, dürlü-dürlü sitatlar gətirdilər:
«Bu gün ölkə siyasi kataklizmlər məngənəsindədir, bu üzdən ziyalı zatlarımız mütləq və mütləq siyasiləşməlidir – vəssalam!» Bu hökmü elə cidd-cəhdlə bəyan etdilər ki, «SİYASiLƏŞMƏLİDİLƏR» kəlməsi qulaqlarımda, eynilə «SİLAHLANMALIDILAR!» kimi cingildədi.
Nə deyim, vallah?.. Özümü cəmləyib, bu odlu-alovlu çıxışların arasına bir-iki replika «atmağa» cəhd göstərdim. İstədim deyəm ki, cənablar, bəylər, müəllimlər! Mən sizinlə əsla razı deyiləm, çünki siyasiləşən ziyalı tək əllə voleybol oynayan idmançıya oxşar və o, siyasətə baş vuran kimi, «cini uçub getmiş çırağa» çevrilər. Bir də,axı nəyə görə mən (əgər ziyalıyamsa) mütləq siyasiləşib fonoqramla oxuyan müğənnilərə bənzəyən siyasətçilərə qoşulmalıyam?… və sair və ilaxır.
Amma susdum. Yaxşı ki, susdum. Çünki mənə elə gəldi ki, ağzımı açıb nə isə desəydim söz əvəzinə, mütləq qarıldamalıydım. Və hamı da o dəqiqə mənim ağ qarğa olduğumu görüb biləcəydi.
Deyirəm, dünyanın işləri doğrudan da, qəribədir… Yəni qaşınmayan yerdən qan çıxaranlara «fora» verən, qan çıxan yeri qaşıyan bəzi müəllimlər, görən bu cür sürüşkən təbliğatla nə məqsəd güdürlər?
Sual eləyirəm: ziyalı axı nə üçün siyasiləşməlidir? Olmazmı, siyasət özü zəhmət çəkib ziyalılaşsın? Siyasət, onunla bərabər də elə siyasətçi özü ziyalılaşsa, daha yaxşı olmazmı?
Çünki ziyasız siyasətçilər ta boğaza yığıblar, dəngəsər eləyiblər bizi!.. Bəlkə belə deyil?!
Əsl Ziyalı kimdir? Kimlərə aydın, nəcib insan demək olar? Bu suallara zaman-zaman yetərincə və ətraflı cavablar verilib. Bunun mahiyyətinə varıb, dəfələrlə eşidib- bildiyimiz tərifləri dübarə xatırlatmağa lüzum görmürəm. Sadəcə, əgər bir ziyalı kəsi deyilən ölçülərdən birinə, tutaq ki, günəş şüasına oxşatsaq, onda, siyasiləşmiş ziyalı, olsa-olsa, həmin o şuanı özündə əks etdirən güzgü sınığının qaramtıl divara saldığı işartıya bənzəyəcək…
Qoy ziyalı zümrəsi siyasiləşib-eləmədən, bu siyasət nəmənədirsə onun qabağına düşsün, yanınca getsin, ondan yuxarıda olsun, amma, amanın günüdür, təki siyasiləşməsin. Çünki siyasiləşən kimi, gedib birbaşa o «siyasət nəmənə»nin altına düşəcək.
Bir məqama da toxunaq. Mənə elə gəldi ki, tədbirdə çıxış eləyən, adlarını çəkmədiyim çox hörmətli-izzətli insanlar «SİYASİLƏŞMƏ» deyəndə, istəsələr də, istəməsələr də, məhz PARTİYALAŞMA nəzərdə tuturdular. Və heç şubhəsiz ki, bu sayaq yanaşma bizə yaxşı heç nə vəd etmir. İstəyirəm sözlərim düzgün qəbul edilsin, yəni bununla siyasi partiyalarda fəaliyyət göstərən və təbii ki, hakimiyyətə iddialı olan, öz qurumlarının mənafeyini güdən ziyalı qardaş-bacılarımın mövqeyini qınamaq fıkrində deyiləm. Əksinə, mən aydınların siyasi mövqeyini də, əqidəsini, əzmkar mübarizəsini də səmimi qəlbdən təqdir edir, alqışlayır və dəstəkləyirəm. Ancaq eyni zamanda, istəyirəm ki, bu və ya digər səbəbdən heç bir siyasi quruma qoşulmayan ziyalıları da düzgün başa düşsünlər; onları zorla hər hansı bir təşkilata qoşulmağa, xoş-naxoş hər hansı bir ideya ardınca getməyə təhrik etməsinlər. Çünki bitərəf, daha dəqiqi, müstəqil ziyalıların əksəriyyəti, onsuz da heç nədən və heç kimdən qorxub-çəkinmədən, bütün varlığıyla mübarizə aparan, öz Xalqı və Vətəninin taleyini hər şeydən uca tutan ləyaqətli insanlardı.Hazırda belələrinin sayının az olması isə özgə və çox ağrılı bir söhbətdi…
Qənaətim budur ki, ziyalıların müstəqil və partiyasız olması strateji, eləcə də taktiki baxımdan daha düzgündür. Əlbəttə, bu nöqteyi-nəzər aksioma deyil və aksioma kimi qəbul olunmamalıdır da. Düzdür, təəssüflə deməliyik ki, bu gün ictimai rəydə adı hallanan bir çox bitərəf insanlar daha çox «psevdo» bitərəfliyə meyilli olduqlarını nümayiş etdirirlər. Eləcə də, «bitərəf» sözünü (müvafiq olaraq, bu sözün daşıyıcısını) hakimiyyət elə yoğurub-əzib, çəngələyib, elə bişarə günə salıb ki, zavallı bitərəf bitərəfdən daha artıq, onun həmqafiyəsinə çevrilib. Amma belə olmamalıdır! Qətiyyən belə olmamalıdır!
Əsl BİTƏRƏFLİK-MÜSTƏQİLLİK – xalqın tərəfində və xalqın özündən olmaq deməkdir. Xalqın iradəsini, ruhunu əks etdirmək deməkdir. Bu mənada, tərəfsiz, təmənnasız olmaq, əslində, hər iki tərəfdən daha artıq məsuliyyət daşımaq, daha artıq əzab-əziyyətə qatlaşmaq deməkdir. Tərəfsizlik, ilk növbədə, hər hansı siyasi partiyanı hakimiyyətə gətirməkdən daha çox, ləyaqətsiz və başıpozuq hakimiyyətin iqtidardan getməsinə çalışmaq deməkdir. Və təbii ki, bunu bəziləri kimi, səs tellərinin köməyi ilə yox, daşdan keçən dəlil-sübutlar və dəmir məntiqlə etmək lazımdır. Tərəfsiz ziyalı, həmçinin təmənnasız və hakimiyyətə (müvafiq olaraq, vəzifəyə) iddiası olmayan partiyasız insan deməkdir. Partiyasızlıq isə, mənim anlamımda, müstəqil, obyektiv olmaq və səmimi mübarizə aparan bütün partiyalara, habelə sınmamış,satılmamış bütün siyasi, qeyri-siyasi təşkilatlara eyni gözlə baxmaq, eyni hörmət və eyni qayğıyla yanaşmaq , ölkənin müstəqilliyi və demokratik dəyərləri üçün əsim-əsim əsmək, dövlətçiliyini göz bəbəyi kimi qorumaq, vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşamaq, milli birlik idealı ilə nəfəs almaq deməkdir.
Nəhayət, Tanrının bəxş elədiyi İŞIĞI elə Tanrının öz buyruğu kimi, hamıya eyni cür və eyni səmimiyyətlə paylaşdırmaq deməkdir.
«Mütləq tərəflərin birində olmalısan!» «Hökmən bir tərəfə, bir düşərgəyə keçib, bir rəngdə – ağ, ya qara (vay ağ qarğanın halına!) olmalısan!» «Mənimlə deyilsənsə – düşmənimləsən!» Zənnimcə, bu sayaq düşüncə tərzi olduqca zərərlidir və yumşaq desək, merkantil bolşevik təfəkkürünü, eləcədə, anoloqu olmayan konformist YAP-çı xislətinin astar üzünü xatırladır. Demokratik düşərgəyə, mili-mənəvi-insani-əxlaqi-dini dəyərlərə rəğbətlə yanaşan insanlar əsla belə deməməli, belə düşünməməli və belə inadkar tələblər irəli sürməməlidirlər.
Bu gün artıq heç kimə sirr deyil ki, MÜXALİFƏT-İQTİDAR qarşıdurması az qala öz kulminasiya nöqtəsinə çatıb. Kin-küdurətlə, nifrət və ədavətlə (üzr istəyirəm) hamilə olan cəmiyyət son nəticədə – VƏTƏNDAŞ QARŞIDURMASI doğa bilər. Təkcə elə bu real təhlükə, bu gün obyektiv, müstəqil və tərəfsiz mövqedən çıxış edən ziyalı zümrəsinin müstəsna vacibliyinin sübutu deyilmi!
Əhalinin böyük hissəsi bu gün iqtidarı qəbul etmir, müxalifətə isə inanmır. Bu, acı bir həqiqətdir. Sual olunur: belə bir vəziyyətdə, dediyimiz həmin o böyük bir qism əhalini kimlər ictimai aktivliyə səfərbər edə bilərlər? Əlbəttə ki, mütərəqqi fikirli, tərəfsiz düşüncə sahibləri! Passiv hesab edilən həmin əhalinin ictimai aktivliyə cəlb olunması, son nəticədə daha çox kimlərə və ya hansı qüvvələrə lazımdır? Əlbəttə və şübhəsiz ki, demokratik qüvvələrə! Və elə xalqın özünə!
«Ziyalılar siyasiləşməlidir» – deyən və bununla bəlkə də bu gün demokratik düşərgəyə köməklik etmək məqsədi güdən insanlar, əslində, özləri də bilmədən (bəzən bilərəkdən!), elə həmin o düşərgənin sabahı üçün qaş düzəltdikləri yerdə gözü də çıxarmış olurlar. Düşünürəm ki, məsələnin paradoksa bənzəyən məğzi-mabədi budur.
Bu gün haqsızlıq və ədalətsizliklərlə barışmamaq, baş alıb-gedən xudbinliyə, laqeydliyə, korrupsiyaya, konformizmə, idarə olunan siyasi xaosa və ağ YALANA,TALANA qarşı mübarizəyə qalxmaq lazımdırmı? – Əlbəttə! Zülmə, zülmkara sinə gərib, dirəniş göstərmək vacibdirmi? – Əlbəttə! Demokratik qüvvələrə dəstək, istiqamət vermək, onların önünə düşmək, düşmən tapdağı altında qalan doğma torpaqlarımızın xilasına çalışmaq, lazım gələrsə onun uğrunda ölümə getmək mütləqdirmi? – Əlbəttə!
Və bizə «Əlbəttə» dedirən bu sayaq ağrılı-acılı mətləblərin sayı istənilən qədərdi; çünki bu gün bizim problemdən savayı özgə heç nəyimiz yoxdur. Hər bir ziyalı bəndə bu problemləri qaldırmağa, həllini tələb etməyə, bunların uğrundamücadiləyə qalxmağa, çarpışmağa- vuruşmağa borcludur. Bu, onun vəzifəsi, missiyası, ALIN YAZISIdır. Və heç də vacib deyil ki, o, bütün bunları etmək üçün gərək özünü partiya ağuşuna atıb, siyasiləşsin. Özü də bunları həyata keçirərkən, yəni öz vəzifəsini, borcunu, missiyasını yerinə yetirərkən siyasətin, ya siyasətçilərin boynuna minnət də qoymamalıdır. Bu münvalla, bu əqidə və amalla yaşayıb-mübarizə aparmaq, sadəcə, onun idealı,həyat tərzi, fəaliyyət prinsipi olmalıdır.
Son olaraq, bir məsələyə də toxunum. Bəli, balıq dənizdə yaşadığı kimi, biz də bu gün siyasətin «içindəyik». Ancaq dənizin duzlu suyunda yaşayan, dediyimiz həmin o balığın-diqqət yetirin! – özü nə üçünsə qətiyyən duzlu olmur. Qəribədir, eləmi? Əsl ziyalı da belə olmalıdır və nə qədər siyasətin dərinliklərinə baş vurursa-vursun, heç vaxt SİYASİLƏŞMƏMƏLİDİR. Onun əhəmiyyəti, məğzi, cəmiyyətə verə biləcəyi xeyri, ictimai çəkisi və s. məhz elə siyasiləşməməyindədir.
Şəxsən mən, bu gün (dünən də, əminəm ki, lap sabah da) heç bir siyasi partiyaya mənsub olmamağımla, bu sayaq tərəfsizliyimlə fəxr edirəm, edəcəyəm də. Təkrar edirəm: çiyinlərimdə hər hansı bir TƏRƏFDƏN daha artıq mənəvi yük daşıdığımla hədsiz dərəcədə qürur duyuram, – minnətsiz-filansız!..
Oxunub: 248