Azərbaycan hakimiyyəti Avropaya yaxınlaşmağı öz maraqlarına təhlükə hesab edir
Avropa Birliyinin (AB) Brüsseldə keçirilən 24 noyabr 2017-ci il tarixli “Şərq Tərəfdaşlığı”sammiti ilə bağlı xeyli maraqlı fikirlərin yazıldığını və deyildiyini nəzərə alaraq, bu məsələyə geniş toxunmayacağam. Üzləşdiyimiz duruma bir qədər fərqli bucaqdan yanaşmağa çalışacağam.
Fikirlərimi yazmazdan öncə bir vacib məsələyə diqqətinizi çəkmək istəyirəm. Cəmiyyətimizin fəal insanları unutmamalıdır, harada hakimiyyət dövlətdən və xalqdan güclüdürsə, orada ilk növbədə bütün məsələlərdə iqtidarın korparativ maraqları təmin edilir. Hətta hər hansı beynəlxalq iqtisadi-siyasi və hərbi məkana istiqamətlənmək zərurəti yaranarsa, o zaman yenə də bu amil öncəlik təşkil edir.
Bir suala da səthi cavab axtaraq. Avropa Birliyinin genişlənmə və qonşuluq siyasətini zəruri edən amillər nədir? Yəqin ki çağdaş beynəlxalq siyasətin incəliklərinə bələd olan heç kim, bu təşəbbüsün yeni işğalçılıq siyasətinin bir elementi olduğunu ağlına da gətirməz. Hindistandan Afrikaya qədər bütün müstəmləkələrindən imtina etməyin vacibliyini hələ bir əsr öncə anlayan avropalılar təkrar belə yanlışlığa meyl edə bilməz. Habelə, elmi-texniki, mədəni və siyasi baxımdan da Avropanın şərq və cənub sərhədlərindəki qonşularına hər hansı ehtiyacı yoxdur. Hərbi təhlükəsizliyi isə ən etibarlı şəkildə tamamilə NATO-nun nəzarəti altındadır.
Burada yeganə məqsəd bütün tərəfdaş ölkələrə AB ilə dərin və hərtərəfli azad ticarət zonasında olmaq, assosiasiya razılaşması və Birlik hüdudlarında vizasız hərəkət rejimindən yararlanmaq imkanı verməkdir. Artıq qonşuluq siyasəti çərçivəsində bir neçə ildir ki uğurlu strategiya həyata keçirilir. AB qonşu ölkələrdə islahatları dəstəkləmək istiqamətində çox mühüm addımlar atır. Bu məqsədlə dövlət idarəçiliyi, demokratiya, qanunun aliliyi, insan haqları sahəsində islahatlar, habelə iqtisadi inkişaf, təhlükəsizlik və digər sahələrdə layihələrin maliyyələşməsi üçün 2014-2020-ci illərdə 15 milyard Avro məbləğində vəsait ayırıb.
Göründüyü kimi keçmiş sovet respublikalarından Moldova, Ukrayna və Gürcüstan AB-nin bütün təkliflərdən faydalanmaqdadır. Bu ildən etibarən isə Ermənistan da qarşıdakı illərdə bu imkanlardan yararlanmaq fürsəti əldə etdi. Start vəziyyəti eyni olan altı ölkədən ikisi, hər sahədə geriləməkdə olan Belorusiya və Azərbaycan saziş imzalamağa hazır olmadı. Hökumət öz maraqlarını qorumaq naminə sadə xalqın və dövlətin mənafeyi baxımından çox əlverişli bir imkanı geri çevirdi.
Səbəb isə çox sadədir və yuxarıda toxunmuşam. Azərbaycan hakimiyyəti hazırda xalqından və dövlətindən çox güclü olduğu üçün ilk növbədə öz maraqlarının təminatına yollar axtarır. Onun üçün xalqın və dövlətim maraqları xüsusi önəm daşımır. Ölkə və xalq üçün ən arzuolunmaz təkliflər belə, hakimiyyətin maraqlarına cavab verərsə, onu seçməkdən çəkinmir. Bu gün hakimiyyətin strateji seçimi azad dünyaya yaxınlaşmaq, onun standartlarından xalqımızın yararlanmasına geniş imkan açmaq deyil. Azadlıqlada düşmən kəsilən ölkələrə, xüsusilə də Rusiyanın siyasi çətiri altına sığınaraq ölkəni hələ uzun illər belə idarə etmək arzusudur.
Avropa siyasi məkanı ilə danışıqlar o zaman müsbət nəticə verəcək ki, məhz iqtidarın maraqları nəzərə alınsın. Əks halda bu proses hələ ertələnəcək. Azərbaycan hökuməti özünü xalqa hesabatlı və öhdəlikli hesab etmir. Heç xalqımız da belə bir hesabatı tələb etmək təşəbbüsündə və gücündə deyil. Dövlət sistemi isə ümumiyyətlə yoxdur. Qanunvericilik və Məhkəmə hakimiyyəti Mərkəzi icra hakimiyyətinin bir əlavəsinə çevrilib. Müxalifətin bu istiqamətdə bəzi aktiv davranışları müşahidə edilsə də, təəssüf ki müsbət nəticələr üçün yetərli deyil.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 1150