Azərbaycanda qadınların hamiləlik və doğuşdan sonrakı dövrdə dəmir, folium turşusu preparatları ilə ödənişsiz təmin olunması ilə bağlı dövlət proqramının qəbul olunması lazımdır.
Bunu Trend-ə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, ana və uşaqların mühafizəsi xidmətinin bütün əməkdaşlarının qarşısında dayanan qlobal vəzifə ana və uşaq ölümlərinin azalması, yeni doğulanlar üçün tibbi xidmət keyfiyyətinin yüksəlməsi, yeniyetmə və gənclərin sağlamlığının qorunmasıdır.
BMT təmsilçisi qeyd edib ki, ölkədə vaxtından əvvəl doğuşların sayının təhlili bu göstəricinin artım tendensiyasını nümayiş etdirib: “2005-2014-cü illər arasında bu rəqəm 1,8 faizdən 2,7 faizədək, 2015-ci ildə 3,7 faiz artıb. Respublikada evdə doğuşların sayında azalma qeydə alınıb. Əgər 2008-ci ildə evdə doğuş 2,5 faiz idisə, 2015-ci ildə bu 0,9 faizədək düşüb. Evlərdə doğuş əsasən ucqar kənd yerlərində qeydə alınır, amma bu göstəricidə də azalma tendensiyası göstərir”.
F.Babayevin fikrincə, Azərbaycanda ana ölümlərinin qarşısı alına bilən səbəblərini daha ətraflı öyrənmək üçün məlumat toplanılmasını təkmilləşdirmək və mamaçalıqda kritik vəziyyətlərin təhlili məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının metodologiyasını tətbiq etmək lazımdır.
Oxunub: 104