Və ya, qorxaqların “qəhrəmanlıq” arqumenti
Azərbaycan hakimiyyəti bütün dönəmlərdə pələng dərisi geyinmiş tülkünü xatırladıb. Həmişə xalqa dəyənək göstəriblər, Qərbi söyüblər, Rusiyanın qarşısında isə təzim ediblər. Təbii ki, real vəziyyət yetişəndə Qərb diplomatlarının üzünə də gülüblər, xalqın qəzəbindən qorxduqlarını da göstəriblər, Rusiyaya dövlət maraqlarını satmağa hazır olduqlarını da təsdiqləyiblər.
Təbii ki, masqa geyinmiş hökumət həmin masqaya uyğun görünmək məcburiyyətindədir. Ona görə də bir neçə gündür hökumət saytları düşük bir təbliğata bağlayıblar. Sən demə, Rusiyanın Xarici İşlər Nazirliyi Guergi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Yəni, Azərbaycan hökuməti Rusiyanın ölkəmizə göndərdiyi yeni səfirə “yox” deyib. Səbəb isə budur ki, Zuyevin ermənipərəstdir və onun səfir kimi Azərbyacanda çalışmasına hökumətimizin qüruru yol verməyib. İndi məddah sürüsü bu hadisəni şişirdib,Rusiyanın ərazisindən böyük etmək fikrinə düşüblər.
Molla Nəsrəddinin məhşur lətifəsindəki kimi, ayaqlarını dairədən kənara qoyublar və bunu qəhrəmanlıq kimi sıramaq istəyirlər. Halbuki, Bir neçə gün öncə Ermənistan Brüsseldə göstərdi ki, Azərbaycan hökumətindən daha müstəqildir və dövlət maraqlarına daha çox üstünlük verir.
Əgər Azərbaycan hakimiyyəti məhz ermənipərəstliyinə görə Rusiyanın göndərdiyi səfiri geri qaytarıbsa, bu təəssübkeşlik başqa məqamlarda niyə üzə çıxmır? Niyə bütün ermənipərəst ölkələrdə xeyriyyə tədbirləri keçirilir, niyə ermənilər Bakıda sevilmi qonaq kimi qarşılanır, niyə türkləri təhqir edən Jirinovski başa çıxarılır?
Əgər Azərbaycan hakimiyyəti bu qədər milli təəssüb hissinə malikdirsə, o zaman nəinki Rusiyanın səfirindən, Rusiyanın özündən də imtina etməlidir. Çünki, Qarabağ münaqiəsinin həllinə imkan verməyən, Ermənistanla ordularını birləşdirən, Ermənistanı bir nömrəli müttəfiqi hesab edən, Qarabağda qan tökən erməni hərbçilərinə medal paylayan Rusiyadır. Bəli, Rusiyanın göndərdiyi səfirdən imtina edənlər, Rusiyanın verdiyi medallardan da imtina etməlidir.
Demək istəyirik ki, son günlər gözümüzü deşən bu təbliğat olduqca cılız görünür və bumeranq kimi hökumətin özünə dəyir. Səfirin göndərildiyi yerdə Ermənistana yaşlıq işıq yandırılıbsa və hakimiyyət bu işığı söndürmək istəmirsə, göndərilən adamın hansı mövqedə olmağının heç bir əhəmiyyəti yoxdur.
Ümumiyyətlə, bu necə təəssübkeşlikdir ki, yalnız Zuyevin simasında təcəssüm edir? Qondarma erməni soyqırımı abidəsinin qarşısında təzim edən adamın ətəyindən yapışıb, həmin adamın göndərdiyi səfiri rədd etmək hansı məntiqin məhsuludur?
Amma təəccüblü heç nə yoxdur. 116 manat minimum əməkhaqqını “analoqsuz inkişaf” kimi təqdim edən adamlar, hansısa Zuyevin gəlişinə “yox” deyilməsini də qəhrəmanlıq, qətiyyət kimi tirajlaya bilər. İşğalçıya dəstək olana “hə” deyib, həmin dəstəkçinin göndərdiyi nümayəndəyə “yox” demək də “analoqsuz siyasi gediş” hesab olunmalıdır.
Görünür, hökumətlərin öyünüləcək heç bir fəaliyyəti olamyanda, cılızlıqlara elçi düşmək məcburiyyətində qalır.
Akif
Oxunub: 1426