1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən şikayətini təmin etməyib.
Bu barədə AzadlıqRadiosu-na vəkil Fəxrəddin Mehdiyev bildirib.
O, məhkəmədə C.Hacıyevi həmkarı Aqil Layıcovla birgə təmsil edib.
C.Hacıyev hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edib. Vəkillərin sözlərinə görə, iki aydan çoxdur ki, onlar C.Hacıyevin yanına buraxılmır. Həmçinin, C.Hacıyevin doğmaları ilə görüşdən məhrum edildiyi vurğulanır.
“Qərəzli münasibəti, hüquqlarının pozulmasını və əsassız olaraq karserə (cərimə kamerası) salınmasını nəzərə alaraq, Cahangir Hacıyev hüquqlarının pozulmasının tanınmasını və 13 saylı Cəzaçəkmə Müəssisəsindən başqa müəssisəyə köçürülməsini məhkəmədən xahiş edib”, – vəkil bildirib. Ancaq məhkəmə iddianı məqbul saymayıb.
Vəkil qeyd edib ki, müdafiə tərəfi apellyasiya verəcək.
Oxunub: 82