Dünən – dekabrın 5-də Avropa Birliyi (AB) nazirləri 17 qeyri-AB vergi cənnətinin qara siyahısını açıqlayıb. Bir il çəkən gərgin danışıqlardan sonra siyahıya Panama, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri də salınıb. Xəbəri “Frans Pres” agentliyi yayıb.
Ötən ay “Cənnət sənədləri”nin açıqlanması bu plana təkan vermiş oldu. Həmin sənədlər dünya zənginlərinin ofşorlar vasitəsiylə vergidən yayındığını üzə çıxarmışdı.
DANIŞIQLAR BİR İLDƏN ÇOX ÇƏKİB
“Vergidən yayınmayla mübarizədə yetərincə iş görməyən ölkələrin AB səviyyəsində siyahısını hazırlamışıq. Bu qara siyahıya 17 ölkə daxildir”, – Fransanın maliyyə naziri Bruno Le Maire Brüsseldə jurnalistlərə deyib.
AB bir ildən çoxuydu qara siyahını tamamlamağa çalışırdı. İrlandiya, Malta və Liksemburq kimi verginin az olduğu ölkələrsə transmilli şirkətləri çəkindirməkdən ehtiyatlanırdılar.
Siyahıdakı ölkələr bunlardır: Amerika Samoası, Bəhreyn, Barbados, Qrenada, Quam, Makau, Marşal adaları, Monqolustan, Namibiya, Palau, Panama, Sent Lüsiya, Samoa, Cənubi Koreya, Trinidad, Tobaqo, Tunis və Birləşmiş Ərəb Əmirlikləri.
Mənbələr daha 47 ölkənin “boz siyahı”ya salındığını bildirib.
Karib bölgəsindəki yurisdiksiyalar bu il qasırğadan ziyan çəkdiyindən, onlara zaman tanınıb.
Britaniya siyahıya qarşı var gücüylə mübarizə aparıb, subordinasiyasından olan Cersi və Vircin adalarının “qaralanacağından” qorxub.
İlkin siyahıda 29 ölkənin adı varıydı, üzv ölkələrin yüksəkçinli rəsmiləri onu xeyli qısaldıb.
SANKSİYALAR
AB-nin iqtisadi məsələlər üzrə komissarı Pierre Moscovici rəsmi açıqlamadan öncə bildirib ki, o, 20 ölkənin siyahıya salınacağına ümid edib, amma bu da “ilkin qələbə”dir.
İndi bu siyahını qüvvəyə mindirmək ən böyük problem sayılır. AB üzvləri qara siyahıdakı ölkələrə maliyyə sanksiyaları qoyulmasında fərqli mövqe tuturlar. Bəzilərinin fikrincə, siyahının özü elə yetərincə biabırçıdır.
Fransa kimi üzvlərsə bu vergi cənnətlərinə qarşı sərt tədbirlərə, məsələn, onları AB-nin və Dünya Bankının maliyyəsindən məhrum etməyə çağırırlar.
“Qara siyahıda olmağın özü çox pisdir və təbii ki, bu ölkələr üçün bunun fəsadları olacaq”, – Luksemburqun maliyyə naziri Pierre Gramegna deyib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi cənnətləri siyahısına isə yalnız Trinidad və Tobaqo daxildir.
Oxunub: 998