Beynəlxalq Olimpiya Komitəsi (BOK) qarşıdan gələn Qış Olimpiadasının mərasimləri zamanı Rusiyanın dövlət himninin səslənməsini və dövlət bayrağının görünməsini qadağan edib. BOK-un qərarında bu da deyilir ki, Rusiya idmançılarının formalarında milli bayrağın rəngləri təmsil olunmamalıdır.
Dekabrın 20-də verilmiş bu qərardan iki həftə əvvəl BOK Rusiya komandasının fevralın 9-25-də keçiriləcək oyunlarda iştirakını qadağan etmişdi. BOK bu qərarını Rusiya tərəfindən antidopinq qaydalarının “misli görünməmiş miqyasda pozulması” ilə izah etmişdi.
Lakin bu qadağanla yanaşı BOK sərt antidopinq analizlərindən təmiz çıxmış Rusya idmançılarının fərdi qaydada yarışlarda iştirakı üçün 2018-ci il Pxençan Qış Oyunlarının qapılarını açıq qoyub.
Bu idmançılar yarışlara “Rusiyadan olan Olimpiya İdmançıları” və ya OAR adlanan komanda statusunda qatıla bilərlər. Onların idman formaları dizaynına görə neytral səciyyə daşımalıdır.
BOK-un qərarında deyilir ki, OAR adı altında çıxış etməsi gözlənilən 200-dək idmançıdan heç birinin formasında Rusiya bayrağının rənglərinə bənzəyən heç bir element olmamalıdır.
Bu da vurğulanır “Rusiyadan olan Olimpiya idmançıları” sözlərinin arasında “Rusiya” sözü qabarıq verilə bilməz.
Rusiya Olimpiya Komitəsi (ROK) dekabrın 19-da Olimpiadaya qatılmaq istəyən idmançıların siyahısını BOK-a göndərib.
BOK dekabrın 20-də bildirib ki, bu siyahıdakı idmançıların hər birinin “aydın və təfərrüatlı” kriteiya əsasında Olimpiadaya buraxılması məsələsinə baxılacaq.
Oxunub: 378