Dekabrın 21-də elan edilmiş bu qərarla ABŞ-ın sanksiyalar siyahısına daxil edilənlər arasında mərhum Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimova və Rusiya baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çayka da var.
Bundan bir gün əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistan lideri Ramzan Kadırov da daxil daha beş rusiyalıya qarşı işgəncə və qanunsuz qətllərlə bağlı sanksiyalar elan etmişdi.
Dekabrın 21-də verilmiş elanda deyilir ki, Maliyyə Nazirliyi 39 nəfərə qarşı sanksiyaları ABŞ Konqresinin keçən il qəbul etdiyi Qlobal Magnitsky İnsan Haqları üçün Hesabatlılıq Qanunu (Global Magnitsky Human Rights Accountability Act) əsasında irəli sürüb.
Nazirliyin bəyanatında daha sonra deyilir ki, “Prezident Donald J. Trump bütün dünyada ciddi insan haqları pozuntuları və korrupsiya ilə əlaqədar milli fövqəladə vəziyyət elan edən və bu bəd əməllərlə məşğul olanlara qarşı sanksiyaların qoyulmasını nəzərdə tutan fərman imzalayıb”.
Bu da qeyd olunur ki, məhz bu fərmana müvafiq olaraq 13 nəfərə qarşı sanksiyalar “ciddi insan haqları pozucuları” kimi qoyulub.
Karimova və Çaykadan başqa sanksiyalar həm də pakistanlı Muxtar Hamid Şaha qarşı tətbiq edilir. Pakistan polisi onun adam oğurluğunda, qanunsuz məhbusetmədə, habelə insan orqanlarının çıxarılması və qaçaqmalçılığında iştirakı olduğuna inanır.
Bundan başqa Birmadan hərbi zabit Maung Maung Soe bu ölkədəki rohinca müsəlmanlarına qarşı qəddar hücumlara görə sanksiyalanıb.
Oxunub: 244