ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli digər BMT nümayəndələrinə xəbərdarlıq edib ki, o, cümə axşamı Baş Assambleyada ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı nadir keçirilən fövqəladə sessiya zamanı qeydlər alacaq.
Heyli deyir ki, prezident Tramp ondan Birləşmiş Ştatların əleyhinə səs verən ölkələrin siyahısını tələb edib.
Tramp bu ayın əvvəli ABŞ-ın uzun illərdir yürütdüyü siyasəti dəyişərək, Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını və orada yeni səfirlik inşa etmək üçün hazırlıqlar görəcəyini bildirib.
Bu açıqlamadan sonra bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurası Qüdsün statusu ilə bağlı verilən son qərarlara görə məyusluğunu ifadə edib və qətnamə qəbul etmək üçün səsvermə keçirib.
Şuranın 15 üzvündən 14-ü qətnamə layihəsinin lehinə səs verib, amma Birləşmiş Ştatlar veto səlahiyyətindən istifadə edərək onun təsdiq olunmasının qarşısını alıb.
“Bu gün biz Təhlükəsizlik Şurasında təhqirə şahid olduq. Bu unudulmayacaq,” deyə Heyli bildirib.
İsrail bütöv Qüdsü əbədi paytaxtı hesab edir, fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı olaraq görmək istəyir və Birləşmiş Ştatların artıq sülh prosesində etibarlı tərəfdaş olmadığını deyir.
Oxunub: 300