Bu gün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin(GEM) baş direktorunun müavini Ağaxanım Əliyeva mətbuat konfransında içməli suyun keyfiyyətindən danışıb. Direktor müavini deyib ki, bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki – kimyəvi göstəricilərinə görə normaya uyğun olub. Su nümunələrində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma halı 3,7% olub. Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ – Bakı, Şollar və Xaçmaz su təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya – kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun gəlib.
Bunu ölkədə içməli suyun keyfiyyət standartlarına məsul olan qurumun rəsmisi deyir. Paytaxt əhalisi isə daim içməli suyun keyfiyyətindən narazıdır. Bunu şəhərin mərkəzinə çıxıb qısa bir sorğu keçirməklə özünüz də müəyyənləşdirə bilərsiniz. Xatırladaq ki, hazırda paytaxtın içməli su təminatı 5 mənbədən gəlir –Bakı-Şollar su kəməri, “Samur-Abşeron” kanalı, Kür çayı və Ceyranbatan su anbarı və Oğuz-Qəbələ-Bakı su kəməri. Bu mənbələrdən gələn suların keyfiyyətinə necə nəzarət edilir?
Nazirlik rəsmiləri etiraf edir ki, beynəlxalq təşkilatlar 2007-ci ildən bəri regionlarda su təmizləyən 80 zavodun qurulmasına 12 milyon dollardan artıq pul verib. Azərbaycan hökuməti isə belə layihələrə 1 milyon manatdan artıq vəsait xərcləyib. Bu vəsait hesabına çox sayda mobil təmizləyici qurğular quraşdırılıb. Azərsu ASC-nin rəsmiləri də hər zaman vurğulayır ki, əhaliyə verilən su qüvvədə olan standartlara uyğundur və əhali özü də bunu yoxlatdırıb əmin ola bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əhalinin içməli sudan şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə quruma daxil olan şikayətlərdə istehlakçılar suyun bulanıq olmasından gileylənir. Qurum sədri “istifadə edilən suyun Azərsu” tərəfindən müasir üsullarla təmizləndiyini bildirir, amma qeyd edir ki, “su infrastrukturu köhnəlib, borular paslanıb, kənar sular qarışdığı üçün evlərə çatan su təmizlənmiş şəkildə gedib çıxmır.” “Azərsu” rəsmiləri də belə bir problemin olduğunu gizlətmir. Yaxşı təsəllidir, deyilmi? Rəsmi qurumlar əhaliyə açıqlama verir ki, biz suyu uyğun standartlar əsasında təmizləyirik, amma o sizə çirklənmiş, paslı və qarışıq halda gəlib çıxır, daha bunun məsuliyyəti də bizlik deyil. Bəs bu, kimin məsuliyyətidir, cənablar? Sizin təmizlədiyiniz su bizə təhlükəsiz şəkildə gəlib çıxmayacaqsa, nə zəhmət çəkib o qədər xərc tökürsünüz ki? Bu, təmiz suyu çirkli qaba töküb susuz adama uzatmağa bənzəmirmi?
Hələ məsələnin başqa bir mübahisəli tərəfi də var. İçməli suyun həqiqətən yüksək keyfiyyət standartları əsasında təmizləndiyinə inanaqmı? “Azərsu” rəhbərliyi Azərbaycanda içməli suyun keyfiyyətinin SSRİ-dən qalmış standartlar əsasında analiz olunduğunu bildirir. Deyilənə görə, hazırda müasir inkişaf metodologiyasına keçidlə bağlı bəzi qurumlar Avropa standartları ilə işləyir: Ümumilikdə, suyun keyfiyyətinə dair ə 10-15 standart olduğu məlumdur. Ümumdünya Səhiyyə Təşkilatının standartları bütün ölkələr üçün qanun sayılır. Amma bizdə bu sahə üzrə bütün normativlər hələ də sovet dövründən qalmadır. Hazırda Azərbaycanda içməli suyun keyfiyyəti “QOST 2874-82” standartları əsasında tənzimlənir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bu normativlərin Ümumdünya Səhiyyə Təşkilatının Standartlarına tam uyğun olduğunu bildirir. GEM rəsmisi isə deyir ki, keçmiş SSRİ-dən qalma “QOST 2874-82” standartı ilə ÜST standartı arasında fərq var. Onun fikrincə, sovet standartı daha sərtdir. Bütövlükdə isə ÜST standartlarında suyun keyfiyyəti 37, Azərbaycanda tətbiq olunan standartlarda isə 29 göstərici əsasında yoxlanılır.
Yazıya sonluq olaraq, öz təcrübəmdən yaşadığım bir faktı da açıqlamaq istəyirəm. Hardasa bir ay bundan əvvəl evimizə sutəmizləyən qurğu firmasından iki gənc gəldi. Qurğunu nümayiş etdirmək istədiklərini dedilər. Gəncləri qırmadım, amma ilk başdan da 1300 manatlıq qurğunu almağa imkanım olmadığını dedim. Evimizə gələn içməli sudan stəkanın yarısı qədər qarama lil çıxdı. Sonra maraq xatirinə satışdan aldığımız “Slavyanka”suyunu da yoxlamadan keçirdilər. Arada çox cüzi fərq çıxdı. Yəni ölkədə nəinki evə verilən suyun keyfiyyətinə, saf bulaq suyu adıyla aldığımız suların keyfiyyətinə də etibar yoxdur. Və ölkədə gün-gündən artan bir çox xəstəliklərin kökündə də keyfiyyətsiz su dayanır elə…
Səadət
Oxunub: 246