Bu gün bir vətəndaş kimi iki məsələ haqqında münasibət bildirmək istəyirəm. Birincisi, nağılmı, quramamı deyək, hakimiyyətin son zamanlar siiyasi dövriyyəyə buraxdığı yeni bir “islahatçılar” komandası haqqında fikirləridir. Guya, bu komanda ABŞ-da, Avropa ölkələrində ali məktəbləri bitirmiş məzunlardan ibarətdir. Və o məzunlar Respublikamızı “xilas” edəcəklər. Bunun iqtidarın dövriyyəyə buraxdığı növbəti cəfəngiyyatı olduğunun fərqinə varmalıyıq. 2003-cü il Prezident Seçkisi ərəfəsində İ.Əliyevin böyük bir siyasətçi, böyük bir “islahatçı” , bizi bütün bəlalardan qurtaracaq böyük bir “xilaskar” kimi təqdimatı yəqin ki, yadınızdadır. Hətta “ O böyük siyasətə hazırdır” kitabının səsi-sədası Respublikamızdan uzaqlarda da eşidildi. Hakimiyyətinin 14 ili ərzində aydın oldu ki, İ.Əliyevə bəslənilən ümidlər əbəs imiş. Bu illər ərzində bir problem belə həllini tapmadı. Bu, faktdır. İndi də bu “islahatçılar” komandası xülyalarıyla Azərbaycanı bir 14 ildə idarəsiz vəziyyətdə “idarə” etmək istəyirlər. Bu gün Prezident Aparatında, Qanunverici hakimiyyətdə, Nazirlər Kabinetində, eləcə də Nazirliklərdə Avropa dövlətlərində təhsil almış məzunlar az deyil. Lakin, mən tam əminliklə deyirəm, o məzunları istedadları və qabiliyyətləri o institutlara aparmayıb, kiminsə,kimlərinsə doğmaları, yaxınları olduqları üçün tədris ocaqlarına aparılıblar. Doğrudan da, bu məzunlar istedadlıdırlarsa niyə diplomlarının, bitirdikləri institutlarının arxasında gizlənirlər. Azərbaycan ictimaiyyəti Onların səviyyəsini bilməsi üçün niyə öz ixtisaslarına uyğun , ən azından , məqalələrlə çıxış etmirlər. Əslində, bəzək-düzəksiz, keyfiyyətə söykənən, Ölkə daxilində və ya xaricində institut bitirməyi fərq etməyən təfəkkürlü məzunlara Xalqın, Dövlətin taleyi etibar edilməlidir. Məsələn, Oksfordu, MDU-nu, NYU YORK-u və ya BDU-nu bitirmək hələ nəyi isə ifadə eləməməlidir. Əsas təfəkkürlü olmaqdır. Onsuz da beş cümlədən ibarət bir yazı yaza bilməyən Avropa təhsillilərimiz, Ölkə təhsillilərimiz çoxdur. PA-da, QH-da, NK-da, eləcə də Nazirliklərdə oturublar. Yetər, görüntülərə aldanmağımız !
İkinci fikir bildirəcəyim mövzu isə, bu yaxınlarda, Respublikada keçirilmiş sosioloji sorğu barədədir. Bu sosioloji sorğu nəticəsində “bəlli” olub ki, respondentlərin 85,2 %-i İ.Əliyevin təzədən prezident seçilməsinin tərəfdarıdır. Əziz oxucu, bilirsinizmi, mənim üçün 85,2 % nəyi ifadə edir? Həqiqətin Azərbaycan xalqından 85,2 % gizlədilməsini. Deməli, Respublikada 85,2 % ədalət yoxdur, hüquq yoxdur. Deməli, cəmiyyət kimi, Vətəndaş kimi 85,2 % Özümüz deyilik, sadəcə, saya gələn sira nəfərləriyik. Bu idarəçilik Azərbaycan ictimaiyyətini “rəqəmlərdə” xoşbəxt edir. S.Müslümov da deyirmiş, Ölkədə 1,9 milyon nəfər üçün iş yeri açılıb. Heç inandırıcı deyil. Ancaq, bu iqtidarın son 14 ildə 1,9 milyon dəfə yalan danışması labüddür. Nuş elə, rəqəmləri, Xalqım ! Nuş edə-edə lider dövlətə sahibliyindən, böyük Xalq olmağından, Vətəndaş kimi qayğısızlığından danış ! Qardaş Türkiyə istisna olmaqla idarəçilik, çox təəssüflər olsun ki, xarici siyasətdə təkləndiyini, tək qaldığını görmür. Axı, siyasi “ kürsülərdə” əyləşmək “yatmaq” üçün, “yuxulamaq” üçün deyil, Xalqı “oyatmaq” üçündür. Yatmağa ev var. İdarəçilik hara, yuxulamaq hara ! Təməli şadlıq evlərində qoyulduğuna görə bu hakimiyyət idarəçilikdə Özünü göstərə bilmir, Özü ola bilmir. Dövlətçiliyi yamsılamaqla, onun tərzin açmaqla məşğul olur. Çünki, idarəçilik barədə təsəvvürsüz həyat yaşayırlar. Hələ də Respublikamız bu hakimiyyətin düşüncə dayazlığından əziyyət çəkməkdədir.
Oxunub: 42