Yaxud, dağ boyda uğursuzluğun təsəllisi
Azərbaycan hakimiyyəti təəccübləndirməyə davam edir. Gül-çiçəyi məhv edib, tikan qoxulamaqla məşğuldular. Həm də utanmadan israr edirlər ki, tikanın gülsüz qalması analoqsuz uğurdu. Ümumiyyətlə, son 24 ili nəzərdən keçirsək görərik ki, Azərbaycan xalqını ən cılız uğurlara sevinməyə məhkum ediblər. Daha doğrusu bir qrup insanın şəxsi uğurunu xalqın uğuru kimi təqdim ediblər. Məsələn , Avropa Oyunlarını, Formula-1 yarışlarını, İslam Həmrəyliyi Oyunlarını dövlətin uğuru, 10 manat maaş artımını xalqıb uğuru kimi gözümüzə soxdular. Amma hamıya məlum oldu ki, ölkəmizdə keçirilən yarışlar büdcənin və xalqın belini qırdı. Kommunal xərcləri, ərzaq məhsullarının qiymətini 50-60 faiz qaldırdırıb, ardınca əmək haqlarını 10 faiz qaldırmaq isə, xalqı ələ salmaqdır.
2017-ci il ölkəmiz üçün daha ağır il oldu. Köhnə problemlər həllini tapmadı, yeni problemlər boy atdı. İşsizlik səviyyəsi artdı, qiymətlər qalxdı, ölkənin adı qara siyahılara düşdü, büdcə daraldı, xarici siyasət daha məğlub vəziyyətdə oldu, ölkəni tərk edənlərin sayı artdı, Qarabağ danışıqlarının uğursuzluq zolağı böyüdü və.s
Belə bir vəziyyətdə hökumətimiz xonçada yeni “uğur” gətirdi. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dedi ki, dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilin ən mühüm hadisələrindən biridir. Bəli, dolma bişirməyə ət tapmayan xalqa, dolmayla təsəlli verməkdən çəkinmədilər. Sanki, ölkənin yeganə problemi dolma imiş və bu problemi də həll ediblər. Erməninin 20 faiz ərazini işğalda saxlamasını uğursuzluq hesab etmirlər, amma erməninin domaya əl uzatmasına müqavimət göstərirlər.
Faktiki olaraq dolma ilə Qarabağı müqayisə edirlər. Hansıki, bizi narahat edən erməninin dolma bişirməsi deyil, Şuşada, Laçında, Ağdamda at oynatmasıdır.
Bir sözlə, hökumət dağ boyda uğursuzluqların qarşısına dolma ilə çıxıb. Ölkənin adını korrupsiya, hüquqsuzluq, saxtakarlıq siyahısına saldıqdan sonra, dolmanın adını UNESCO- nun siyahısına salmaq heç nəyi dəyişmir. Bizi dolmanın yox, dolmaya həsrər qalmış xalqın taleyi maraqlandırır. Başqa ölkələr dolma boyda texnikayla milyardlar qazanır, bizimkilər də dolmanın arxasında gizlənib, xalqı qəpiyə möhtac edirlər
İlham
Oxunub: 344